“Azərbaycan dünyanın “yaşıl enerji” trendini diqqətlə izləyir” | Banco.az

“Azərbaycan dünyanın “yaşıl enerji” trendini diqqətlə izləyir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Beynəlxalq əhəmiyyətli COP-29 tədbiri, ekoloji təmiz enerji sisteminin Azərbaycanın enerji təsərrüfatı ilə əlaqələrinin yaradılması baxımından çox vacibdir.

Azərbaycan, yaşıl enerji mənbələrinin inkişafına diqqət yetirir və bu sahədə çeşitli layihələri həyata keçirir. 2020-ci ildə əldə edilmiş zəfərdən sonra Qarabağın enerji potensialından da istifadə etmək mümkün oldu.

Mövzu barədə Banco.az-a açıqlama verən iqtisadiyyat, maliyyə və biznes üzrə mütəxəssis Orxan Məmmədzadə deyib ki, Azərbaycanın bütün bölgələrində, xüsusən də Qarabağın alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi ölkəni “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevirə bilər.

Orxan Məmmədzadə bildirib ki, COP-29 beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsinin iqtisadi dəyəri, praktiki əhəmiyyəti var. Bu da ölkənin yaşıl enerji zonası elan olunması və yaşıl enerjinin dünya bazarlarına çıxarılması baxımından əhəmiyyət kəsb edir:

“Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazilərində müşahidə olunan günəş enerjisi Naxçıvan Muxtar Respublikası bölgəsindən sonra ölkədə ikinci əlverişli region kimi qiymətləndirilir. Qarabağda daxili su ehtiyatlarının təxminən 25%-i formalaşıb. Bu illik təqribən 2.56 milyard m3 təşkil edir.  Qarabağ və ətraf ərazilər isə ildə təxminən 2500-3000 saat günəş şüası alır.

İlkin tədqiqatlar, günəş enerjisi layihələri üçün Cəbrayıl və Zəngilan rayonlarının ərazisinin məqsədəuyğun olduğunu müəyyən edib. Bu, topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorlar əsasında müqayisəli təhlilə əsaslanaraq qiymətləndirilib.

Araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

İlkin təhlillər göstərir ki, Kiçik Qafqazın dağlıq hissəsində geotermal mənbələr var. Bu potensialdan müvafiq olaraq istilik təminatı və balneoloji məqsəd üçün istifadə daha məqsədə uyğundur”.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin külək enerjisi potensialı baxımından zəngin olduğunu qeyd edən Orxan Məmmədzadə vurğulayıb ki, ərazinin coğrafi mövqeyi və relyefi külək enerjisi stansiyalarının inşası üçün əlverişlidir:

“Bu bölgələrdə külək sürətinin yüksək olması külək turbinalarının məhsuldarlığını artırır. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə külək enerjisi potensialı yüksəkdir. Bu sahələrdə külək enerjisi layihələrinin həyata keçirilməsi mümkündür.İşğaldan azad olunmuş ərazilərdə çoxsaylı çaylar və su resursları mövcuddur ki, bu da hidroenerji potensialını artırır. Bölgədəki çaylar və su hövzələri hidroelektrik stansiyalarının qurulmasına imkan verir. Hidroelektrik stansiyaların inşası ilə ərazinin enerji tələbatı qarşılanacaq, bu da bölgədə enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcək.

Xüsusilə dağlıq və dağətəyi bölgələrdə külək sürəti enerji istehsalı üçün də əlverişlidir. Qarabağın çayları və su hövzələri hidroenerji istehsalı üçün böyük potensiala malikdir”.

Mütəxəssis hesab edir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid prosesini sürətləndirmək üçün dünya təcrübəsindən daha çox faydalanmalıdır:

"Ümumiyyətlə, ölkəmiz dünyanın “yaşıl enerji” trendini diqqətlə izləyir. Azərbaycanda yaşıl enerjinin və alternativ enerji generasiyasının inkişaf etdirilməsi üçün istehlakçılara və enerji istehsalçılarına müvafiq dəstəklər var. Düşünürəm ki, bu, hüquqi və institusional çərçivələri möhkəmləndirməli, infrastruktur layihələrini dəstəkləməli və ictimai maarifləndirməni artırmalıdır.

Eyni zamanda bu dəstək mexanizmləri reallaşdırılmalıdır ki, alternativ enerji generasiyasının effektiv inkişafı mümkün olsun,"- deyə Orxan Məmmədzadə əlavə edib.

Ən sərfəli krediti almaq üçün müraciət et