Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı Fransaya 15 milyard avroluq müdafiə krediti ayırıb.
Banco.az xəbər verir ki, Avropa İttifaqı ilə Fransa arasında Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) mexanizmi çərçivəsində təxminən 15,09 milyard avro məbləğində kredit sazişi imzalanıb.
Saziş Fransanın paytaxtı Paris şəhərində keçirilən və Avropanın aparıcı müdafiə sərgilərindən biri hesab olunan Eurosatory 2026 çərçivəsində təşkil edilən mərasimdə rəsmiləşdirilib.
Mərasimdə çıxış edən Avropa Komissiyasının müdafiə məsələləri üzrə üzvü Andrius Kubilius bildirib ki, SAFE proqramı Avropanın müdafiə sənayesinin gücləndirilməsi və müdafiə sahəsində strateji müstəqilliyinin artırılması baxımından mühüm addımdır.
Kubilius vurğulayıb ki, SAFE Avropa İttifaqının müdafiə sahəsində həyata keçirdiyi ən böyük maliyyə təşəbbüslərindən biridir. Onun sözlərinə görə, proqram çərçivəsində Avropa üzrə ümumilikdə 150 milyard avro həcmində maliyyələşmə təmin ediləcək.
Avropa Komissiyasının açıqlamasında qeyd olunub ki, Fransa üçün maksimum 15,09 milyard avro məbləğində kredit nəzərdə tutulub və bunun təxminən 2,26 milyard avroluq hissəsi ilkin maliyyələşdirmə kimi ayrılacaq.
Bundan əvvəl Belçika, Bolqarıstan, Kipr, Danimarka, İspaniya, Xorvatiya, Portuqaliya, Rumıniya, Estoniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Slovakiya, Finlandiya və Çexiya üçün də oxşar qərarlar qəbul edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
