Arzuladığınız işi tapmağın 5 qızıl qaydası | Banco.az

Arzuladığınız işi tapmağın 5 qızıl qaydası

İşsizlik hazırda gənclərimizin üzləşdiyi ən böyük problemlərdən biridir. Bunun səbələrindən biri də rəqabətli mühitin olmasıdır. Əvvəlki illərlə müqayisədə ali təhsil müəssisələrini bitirənlərin sayında xeyli artım müşahidə olunur. Sözsüz ki, bu da vakansiyaya qəbul olmaq şansını azaldır. Həmçinin bakalavr təhsili ilə yanaşı magistr pilləsini bitirənlərin də sayı az deyil. Əgər rəqibləriniz təhsilini xarici ölkələrdə alıbsa onda yaxşı iş üçün şansınız bir qədər də azalır.  Təbii ki, dil biliklərinin çoxluğu da üstünlükdür. Indi demək olar ki, hər 10 gəncdən birinin xarici dil sertifikatı və ya 3-cü xarici dil biliyi var.  Lakin hələ geri çəkilmək zamanı deyil. Təklif etdiyimiz ip-ucularına əməl etməklə arzuladığınız işə qovuşa bilərsiniz.

1. Əhatə ən vacib amildir. Unutmayın, ətrafınızda nə qədər çox sayda bacarıqlı, nüfuzlu şəxslər olarsa, işsiz qalmaq riskiniz bir o qədər azalar. Çalışın ətrafınıza müvəffəqiyyətli, cəmiyyətdə öz sözünü demiş insanları toplayasınız.  Bu həm şəxsi keyfiyyətlərinizi püxtələşdirəcək, həm də daha yaxşı işdə işləməyinizə səbəb olacaq. Yəqin ki, tanışlarınızın arasında çalışdığı işə ətrafındakılarının köməyi ilə cəlbolunan şəxslərin sayı az deyil. Lakin ətrafınıza uğurlu şəxsləri cəmləmək hələ hər şey deyil. Siz öz potensialınızı və bacarıqlarınızı da onlara hərtərəfli şəkildə göstərməlisiniz ki, gələcəkdə hər hansı müəssisədə, vakansiya yaranan kimi, “ideal namizəd” kimi onların ağlına ilk olaraq siz gələsiniz. Yəni siz işi yox iş sizi tapsın.

2. Gözəgəlimli CV.  Ətrafınızda nufuzlu şəxslər azdırsa, neyləmək olar, ümid özümüzədir. Lakin, yaxşı iş üçün, hələ tələbəlik vaxtından çalışmaq lazımdır. Yəni sizin öhdənizə düşən əsas rol, CV-ni keyfiyyətli məlumatlarla zənginləşdirməkdir. Beynəlxalq proqram və tədbirlərə qoşulun, könüllü fəaliyyəti ilə məşğul olun! Fəaliyyətsiz qalmaq ancaq və ancaq sizin ziyanınıza işləyir. Həmçinin CV-zə dəyər verin, onu hara gəldi göndərməyin!

Ən sərfəli kredit üçün müraciət et

3. Müsahibə mərhələsinə inamla! Yəqin ki, sizə intervyu ilə bağlı bir neçə gün əvvəl xəbər verəcəklər. Gedəcəyiniz şirkəti dərindən araşdırın. Müsahibəyə  vaxtından bir qədər əvvəl gedin. Binaya kəşfiyyat xarakterli göz gəzdirin. Məsələn, müsahibələrin birində işəgötürən namizədin diqqətini yoxlamaq üçün, ona otaqda arxa tərəfdə yerləşən tabloyla bağlı sual vermişdi. O, tabloda ən çox hansı rəngdən istifadə olunduğunu soruşmuşdu. Halbuki, otaqda heç bir tablo yox idi. Belə yoxlanışlara özünüzü hazırlayın. Hazırcavab olun lakin məğzdən də yayınmayın, boşboğazlıq əleyhinizə işləyə bilər. Sizə ayrılan vaxtdan maksimum istifadə edin.

4. İşi harda axtarmalı? Hazırda iş elanlarına ən çox sosial şəbəkələrdə rast gəlinir. Müxtəlif qruplar və səhifələr demək olar ki, hər bir sektora aid olan vakansiyaları paylaşırlar. Yəni sosial şəbəkələr heç də vaxtımızı almır, həmçinin bizə iş qazandırır. Onlardan düzgün istifadə etsəniz gələcək işinizi tapa bilərsiniz. Təbii ki, ölkədəki ən son vakansiyalar Banco.az-da "elanlar" bölməsində dərc olunur. Bölməni vaxt aşırı ziyarət etməklə sizə lazım olan işi tapa bilərsiniz.

5. Işdə karınıza çatacaq bacarıqlara vərdiş edin! Məntiqi düşünmə və məlumatı  qavrama bacarığınızı inkşaf etdirin. Əksər şirkətlərdə belə keyfiyyətlərə malik namizədlərə üstünlük verirlər.  Müasir texnoloji ləvazimatlardan istifadəni öyrənin. Hamıya məlumdur ki, ofis texnikası ilə işləməyə qadir namizədlərə tələbat həmişə var. Siz ən adi ofis avadanlıqları ( sürətçıxaran və skayner) işləməyi bacarmalısınız. Bunun üçün, müvafiq sahə üzrə təhsil almağınızı heçkəs sizdən tələb etmir.  Kommunikasiya bacarığı. Işəgötürənlər, fikirlərini şifahi və yazılı şəkildə düzgün ifadə etməyi bacaran namizədlərə üstünlük verirlər.