Müəllif: Aygün Asimqızı/Banco.az
ABŞ-ın ən böyük bankında çalışan azərbaycanlı
Yusif Əfəndizadə: “Polşada təcrübəsi olanlarla yanaşı, təcrübəsi olmayanlara da işləmək üçün hər cür şərait yaradılır”
Azərbaycanda çalışdığı sahə maliyyə sektoru ilə bağlı olsa da, bankda işləməyib. Ancaq Polşaya getdikdən sonra peşəkar karyerası məhz bu istiqamətdə olub, 4 beynəlxalq investisiya bankında işləyib. Söhbət dünyanın ən böyük sistem əhəmiyyətli bankı olan “JP Morgan”ın Polşa ofisində Korporativ investisiya departmentinin xəzinədarlıq şöbəsində likvidliyin yoxlanılması üzrə böyük mütəxəssis kimi çalışan azərbaycanlı Yusif Əfəndizadədən gedir.
Bildirək ki, Y.Əfəndizadə Polşaya getməmişdən öncə “Cahan Holdinq”də maliyyə rəisinin köməkçisi olub. Polşada “State Street Bank”, “Citibank”, “Goldman Sachs” kimi investisiya banklarında çalışıb.
- Polşaya bu gün təhsil, iş üçün gedənlər çoxdur. Ancaq 2017-ci ildə indiki kütləvilik yox idi. Niyə Polşaya getmək qərarı verdiniz?
- O vaxt magistratura təhsilimi Avropada almaq istəyirdim. Buna görə Avropa ölkələrini araşdırırdım. Birinci təhsil haqqı və iş imkanlarına baxdım. Universitetin təhsil haqqı baxımından ən əlverişli olanı Polşa idi. Üstəlik Polşa universitetlərində oxumaq sənə Avropa diplomu verir. Həm də Polşa universitetləri istər qəbul, istərsə də illik ödənişlə bağlı xarici tələbələrə müəyyən güzəştlər təqdim edirlər. Polşada təhsil almış gənclərə Polşada bir il işləmək icazəsi də verilir. İş tapdığın halda qalıb uzunmüddətli perspektivdə burada yaşaya bilirsən. Bu da fikir verdiyin nüans idi. Eyni zamanda digər Avropa ölkələri ilə müqayisədə yaşayış xərcləri minimumdur. Bu kimi məsələlərə baxaraq seçim etmişdim.
- Azərbaycandakı fəaliyyətiniz maliyyə yönümlü olsa da, bankda işləməmisiniz. Amma Polşaya getdikdən sonra 4 qlobal şirkətdə çalışmısınız, hamısı da bank. Niyə bank sektorunu seçdiniz?
- Azərbaycanda bankda işləməsəm də, maliyyə sahəsində idim. Mühasibatlıqla məşğul olurdum. Polşada isə maliyyə mühəndisliyi, investisiyaların analizi ilə bağlı təhsil aldım. İxtisasıma uyğun olaraq da maliyyə yönümlü sahələrdə çalışmaq fikrim var idi. Bu da daha çox investisiya banklarında mümkün idi. Mən çalışdığım banklar da investisiya yönümlü olub.
Bundan başqa, istər Amerika, istər Avropa ölkələri olsun, bir çox məşhur bankların Polşada ofisləri var. Ona görə Polşada bank sektorunda iş imkanları da çox idi.
- Polşada işə qəbul zamanı hansı mərhələlərdən keçilir?
- Müraciət edirsən, əgər CV-in o vəzifəyə uyğundursa, sənə zəng edilir. Sahənlə bağlı suallar verirlər, motivasiyanı yoxlayırlar, əməkhaqqı gözləntini soruşurlar. Bütün suallara hazır olmaq lazımdır. Əgər ilkin zəngdə verdiyin cavablar qaneedici olsa, müsahibə zəngi olur. Bu zaman sahənlə bağlı bir az daha detallı və situativ suallar verirlər. Azərbaycanda iş imkanı az, müraciət edən çoxdur deyə, müsahibədə adamı çox sıxa bilərlər. Amma Polşada müraciət çoxdur, amma iş imkanları da çoxdur deyə, müsahibədə o qədər də sıxışdırmırlar.
- Polşada bank sektorunda yeni başlayan biri üçün iş tapmaq prosesi çətin olmur?
- Polşada iş tapmaq məsələsi Azərbaycanla çox fərqlidir. Təcrübəsi olanlarla yanaşı, təcrübəsi olmayanlara da işləmək üçün hər cür şərait yaradılır. İlkin müsahibə prosesi mənə görə asandır. Düzdür, keçə bilməyənlər də var, amma mən burada çətin nə isə görmürəm. Yeni başladığın üçün sahənlə bağlı ümumi anlayışlarını yoxlayırlar. Bir də situasiyalarda necə davranmaqla bağlı sualları olur.
- Bəs Azərbaycanda bank sektorunda işləyən, karyerasını Polşada davam etdirmək istəyən təcrübəli şəxslərə necə yanaşırlar?
- Azərbaycanda sahəsi üzrə investisiya bankçılığı üzrə yüksək biliklərə sahibdirsə, Polşada da özünə uyğun vəzifələrə müraciət edib işə qəbul ola bilər. Ancaq Azərbaycanda çalışdığı vəzifə üzrə bilikləri yaxşı deyilsə, təbii ki qəbul etmirlər. Belə olduğu halda öz üzərində çalışmalısan.
Bir məsələni qeyd edim. Deyək ki, sən Azərbaycanda müəyyən vəzifədə çalışmısan və Polşaya iş üçün gəlmisən. Polşada düşünürlər ki, sən bankda 6-7 il işləmisənsə, başlanğıc vəzifələrə müraciət edə bilməzsən. Kifayət qədər təcrübən varsa, yüksək vəzifələrə müraciət edə bilərsən. Aşağı yerlərə müraciət edirsənsə, özgüvənsiz görünürsən. Yuxarı vəzifələr üçün suallar daha dərin biliklər tələb edir.
Bir də CV-in yaxşı olmalıdır. Bunun üçün Polşada çalışan insanlardan məsləhət almaq yaxşı olar.
Ümumilikdə, bacarığı, həvəsi, savadı olan hər bir azərbaycanlı Polşada iş tapa bilər. Müsahibədə özünü necə göstərməkdən çox şey asılıdır.
- Bəs kommersiya bankları?
- Kommersiya banklarında daha çox yerli müştərilərlə işləyəcəyin üçün polyak dilini bilməlisən. Kommersiya bankında müştərilərlə işləyən azərbaycanlı görməmişəm. Amma kommersiya banklarında İT, investisiya kimi hissələrdə işləyə bilər. Polşaya gələnlər kommersiya deyil, investisiya banklarında çalışmağa can atırlar. Çünki investisiya banklarının işi daha çətindir, amma yaxşı təcrübə qazandırır və gəlirlidir.
- İşə qəbulda əməkhaqqı gözləntisini soruşduqlarını dediniz. Azərbaycanda deyirlər ki, müsahibədə əməkhaqqı gözləntini demə. Çünki yüksək desən, işi itirə bilərsən, aşağı desən, aşağı maaşlı iş alacaqsan. Maaş gözləntisi necə deyilir?
- Bu, Polşada ən vacib sualdır və mütləq açıq cavab verməlisən. “Bilmirəm, razılaşarıq” - deyirsənsə, özgüvənsiz təəssüratı yaradırsan. Maaş gözləntisini demədiyi üçün işə qəbul edilməyənlər var. Əgər yuxarı deyirsənsə, yanaşı olaraq deyə bilərsən ki, danışığa açıqsan. Maaş gözləntisini deyən zaman yaşadığın şəhər, işə müraciət etdiyin şirkətin əməkhaqqı siyasətinə baxmalısan.
- İşə qəbulda ən çətin mərhələ hansıdır?
- Hansı vəzifəyə müraciət etdiyinə baxır. Elə vəzifə var ki, daha çox ağır texniki suallar verə bilirlər. Məsələn, data analitika. “Excell” testləri, yaxud hansısa tapşırıq, layihə verirlər, bilik və bacarığını bu cür yoxlayırlar. Ən çətini layihə tapşırığıdır. Sən onu hazırlamalı və müdafiə etməlisən.
Elə adam isə var ki, işlə bağlı sualları rahatlıqla cavablayır, amma situasiya suallarından keçə bilmir. Bu cəhətdən də özünü inkişaf etdirməlisən. Məsələn, bir nəfərə sual veriblər ki, 3 ildən sonra özünü harada görürsən? Deyib ki, fərqli sahədə, fərqli yerdə. Onlar səni niyə götürsünlər?
- Azərbaycandan Polşaya gələnlərin işlərə müraciət edərkən ən çox məlumatsız olduqları nədir?
- Vakansiyada işlərin adlarını deyərdim. Azərbaycanda 3-5 vakansiya açılır və baxan kimi nə iş görəcəyini bilirsən. Amma qlobal şirkətlərin vakansiyalarına baxanda, 50-100 vəzifə görür, bir çoxunda da ad fərqli olur. Azərbaycanda çalışan bir adam orada vakansiyada işin adına baxanda, qorxuya düşür ki, mən bunları bilmirəm. Amma ümumi suallar veriləndə, görürsən ki, bilirsən. Çox azərbaycanlı olub ki, pozisiyalara baxanda deyib ki, bu vəzifə mənə uyğun deyil, demişəm ki, müraciət et. Edib və keçib.
- Çalışdığınız bankları müqayisə edək. Birindən digərinə keçərkən öyrənilməli fərqli nə isə olurmu?
- İnvestisiya banklarının iş prinsipləri demək olar ki eynidir. Maksimum bankın daxili mədəniyyəti ola bilər. Yəni işçilərlə münasibət və s. Amerika bankları olduqları üçün ordakı iş mədəniyyətini orda da tətbiq edirlər.
- Bəs iş dəyişərkən nəyə nail olurdunuz?
- Daha prestijli banka keçmək, vəzifə və əməkhaqqı artımı.
- Nə qədər əməkhaqqı artımı olarsa, iş dəyişiminə gedirsiz?
- (Gülür) Ən azı 1000 manat maaş fərqi olmasa, işi dəyişmərəm. Bu vəzifədən vəzifəyə görə dəyişir. Mən ən aşağı 500, ən yuxarı 2000 manat fərqlə iş dəyişmişəm.
- “JP Morgan” ötən il də dünyanın ən böyük sistem əhəmiyyətli bankı seçildi. İş prosesinə əsasən demək olarmı ki, bu, nəyin nəticəsində əldə olunub?
- Mən bundan öncə “Goldman Sacs”da çalışmışam. O da “JP Morgan” kimi dünyada lider banklar içərisindədir. Düzdür, “JP Morgan” daha öndədir, amma “Goldman Sacs”la arasında elə ciddi fərq yoxdur. “Goldman Sacs” hansısa məhsullar üzrə “JP Morgan”dan öndədir, yaxud əksinə. Bunlardan öncə “Citi Bank” işləyirdim. O da Amerikanın 3-cü ən böyük bank şəbəkəsidir. Onlar arasında ciddi fərq yoxdur. “JP Morgan”ın üstünlüyü müştərilərinin o banka etibarı, inamı, dünyada sərgilədiyi produktiv işlərdir ki, müştəriləri digərləri ilə müqayisədə daha çoxdur. Onların sayəsində “JP Morgan” öz portfoliosunu genişləndirir.
- Likdvidlik elə bir sahədir ki, bu sahədən çalışan mütəxəssisdən cəldlik və faydalılıq tələb edir. Bəs qlobal investisiya bankında bu sahədə çalışmaq necədir?
- “Goldman Sacs”da likvidliyin idarə olunması üzrə mütəxəssis idim. Burda likvidliyin yoxlanılmasıdır. Hər bir maliyyə institutunda bu şöbənin olması vacibdir. Son iqtisadi durumda Amerika banklarının müəyyən hissələri default oldu. Bunun əsas səbəbi likvidliyin olmaması idi. Likvidlik o deməkdir ki, bankın əlində qısa müddət nağda çevrilə biləcək müəyyən aktivlər olmalıdır. Bu nağd pul vasitəsilə fəaliyyətlərini apara bilsinlər. Əgər şirkətdə likvidlik prinsipi qorunmasa, ani bir situasiyada şirkətin nağd pula ehtiyacı olub onu ödəyə bilmədiyi təqdirdə şirkət pis duruma düşür. İstər reputasiyasına, istər də müştəri itirməsinə təsir edir. Likvidlik problemi olan şirkətlər maliyyə böhranlarından qurtula bilmirlər. Ona görə, bu sahədə əməkdaş cəlb edərkən savad, təcrübə və analitik qabiliyyət olmalıdır.
- Polşa və Azərbaycan banklarının göstərdiyi xidmətləri müqayisə edək. Nə kimi fərq var?
- Polşada demək olar ki hər şey rəqəmsallaşıb. Əmanət, kredit onlayn həll olur. İstəsən, banka da gedə bilərsən. Amma onlayn çox rahat sistem qurulub, getməyə ehtiyac qalmır. Xidmət, servis eynidir.
- Bəs bank faizləri necə dəyişir?
- Əmanət 7-7,5 faizlə qoya bilirsən. İlkin kredit götürənlər üçün daha aşağı faizlərlə, yaxud nə isə güzəştlərlə kredit verə bilirlər. Ümumilikdə, 9-12,5 faiz arasında dəyişir.
- Qlobal şirkətlərin bank maliyyə xidmətləri ilə Polşanın öz banklarının xidməti arasında hər hansı fərq varmı?
- Xeyr. Əgər qlobal şirkət gəlib o ölkədə fəaliyyət göstərirsə, aşağı-yuxarı bazara uyğun rəqabət aparır, kredit verirsə, faizləri bazara uyğun təyin edir.
Həm də yerli banklar rəqabətdə uduzmamaq üçün rəqabətə davamlı xidmətlər, məhsullar ortaya qoyurlar. Nəticədə məhsulları, xidmətlərində demək olar ki, ciddi fərq olmur.
- Dünyada bankların ixtisara getmə hallarını oxuyuruq. Polşada vəziyyət necədir?
- Bəli, Polşada da bəzi banklarda, şirkətlərdə ixtisarlar oldu. Amma kütləviliyini hiss etmədim. Həm də qədər ixtisarlar olsa da, Polşada iş imkanları çox olduğu üçün ixtisara düşən adam digər şirkətlərdə iş tapa bilir.
- Ən çox hansı bank məshullarına tələb var?
- İstehlak kreditləri.
- Polşa yüksək inflyasiya gedən ölkələrdən biridir. Son göstəricilər 18 faizdən yuxarıdır. Bu, yaşayışa necə təsir edib?
- Ölkədə bütün ərzaq məhsullarının qiymətində artım oldu. Artımı ən çox kirayə qiymətlərində hiss etdik. Haradasa 200 manat fərq etdi. Gündəlik xərclərdə də hiss edirik. Ancaq maaşlarda da artım olur.
- Polşaya gəlib aşağı vəzifələrdə bankda işləyən birinin qazancı və yaşayış xərci nə olur?
- Şəhərdən, şirkətdən, vəzifədən asılı olaraq dəyişir. Varşavada maliyyə və mühasibatlıq sahəsində ən aşağı əməkhaqqı minimum 1500-1700 manatdır. Ancaq 2000-2300 də verənlər var. 1500 manatdan aşağı maaş görməmişəm.
Xərclərə gəlincə, Varşavada 300-500 manata bir otaq kirayə götürə bilər. Evin içində bir otağı yəni. Qidalanmaya da aylıq 300 manat bəs edər. 800 xərcin çıxdı. 1500-ü alsan, 700 manatın qalır və başlanğıc üçün yaxşıdır.
- Ancaq bizdə deyirlər ki, maaş yüksək görünsə də, xərclər çox olur, əldə elə də böyük məbləğ qalmır.
- İnsanın yaşayışından asılıdır. Mən dediyim variant kirayə tutursan, evdə yeməyini bişirirsən, əldə qalan pulla da digər xərclərini qarşılayırsan. Yeməyi restoranda yeyəcəksənsə, fərqli həyat tərzi yaşayacaqsansa, iki qatı da bəs etməyə bilər. Mən 1500 manatı ən ən pis varinat üçün deyirəm. Adətən yeni başlayanlar bundan çox alırlar, bəs edir.
- 6 ildir Polşadasınız. Necə bir ölkədir?
- İdeal olduğunu deməzdim, amma yaşamaq üçün yaxşı yerdir. Əməkhaqqın normal həyat tərzi sürməyə, istəklərini reallaşdırmağa imkan verir. Səyahətlər edə bilirsən. Hələ ki ora mənim üçün yaxşıdır. Bəzən “əcnəbisən” kimi ayrıseçkilik də edə bilərlər, amma bu çox nadir hallarda olur.
Mənfi tərəfi odur ki, hava tez qaralır. Qışda saat 3-də hava qaralır. İşdən evə gedəndə, nə isə etməyə həvəs olmur. Bir də Azərbaycanla müqayisədə soyuqdur. Havanın temperaturu mənfi 15-17 dərəcə ola bilir. Lakin bir müddət sonra buna öyrəşirsən. Polşanın yayı çox gözəldir.
- Bundan sonra da Polşada davam etmək istəyirsiniz?
- Britaniyada yaşamaq və çalışmaq istəyirəm. Orda olmuşam, yaşam tərzini bilirəm. Lüksemburq, Almaniya, Niderland da bura daxildir. Yaxşı iş imkanları, yaşayış tərzləri olaraq onlar nəzərimdədir. İmkanlar olduqca, dəyərləndirirəm.