Dünyanın aparıcı fərdi çip istehsalçısı “Tayvan Semiconductor Manufacturing Company” (TSMC), ölkədə yarımkeçirici komponentlərin istehsalına dəstək verən ABŞ Çipləri Qanununun bir hissəsi olaraq 6,6 milyard dollara qədər maliyyə alacaq.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, birbaşa maliyyələşdirmə ilə yanaşı, TSMC 5 milyard dollara qədər kredit götürə biləcək.
Maliyyələşdirmə Arizona ştatının Feniks şəhərində şirkətin 65 milyard dollardan çox sərmayə qoymağı planlaşdırdığı üç zavodun tikintisinə sərf olunacaq. ABŞ hökuməti bildirir ki, bu, ABŞ tarixində yeni tikintiyə ən böyük birbaşa xarici investisiyadır.
Müəssisələr 5G/6G smartfonları, özünü idarə edən avtomobillər, yüksək performanslı hesablamalar və süni intellekt tətbiqləri üçün məntiq çipləri istehsal edəcək. Zavodların birincisi gələn il açılacaq.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp 2022-ci ildə qəbul edilmiş Çiplər Qanununu tənqid edib. “Bloomberg” qeyd edir ki, bir sıra şirkətlər onun vəzifəyə başlamasından əvvəl maliyyələşdirmə ilə bağlı razılığa gəlməyə tələsirlər. Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson jurnalistlərə onun partiyasının qanunun ləğvini tələb edəcəyini desə də, lakin sonra bu sözləri geri götürüb.