Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da dizel yanacağının orta pərakəndə satış qiyməti yenidən artaraq qallon üçün 5,01 dollara yüksəlib.
Banco.az xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, dizel yanacağının orta qiyməti əvvəlki günlə müqayisədə 7 sent bahalaşıb. Beləliklə, İranla münaqişənin başlanmasından bəri dizelin qiymətində ümumilikdə 33 faizlik artım qeydə alınıb.
Dizel yanacağının qiyməti ilk dəfə mart ayında 5 dollar həddini keçərək 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri ən yüksək səviyyəyə çatmışdı. Daha sonra iyun ayında ABŞ və İran arasında Hörmüz boğazında hərbi əməliyyatların dayandırılmasına dair memorandumun imzalanmasından sonra qiymətlər müvəqqəti olaraq 5 dolların altına enmişdi.
Lakin son günlər Hörmüz boğazında ABŞ və İran arasında yenidən hava və raket hücumlarının baş verməsi bölgədə dəniz daşımalarına mənfi təsir göstərib. Qlobal neft tədarükü üçün strateji əhəmiyyət daşıyan boğazda gəmiçiliyin demək olar ki, dayanması enerji bazarlarında narahatlığı artırıb.
Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın İran limanlarına qarşı dəniz blokadasını bərpa edəcəyini bildirməsi və Körfəz ölkələrinin boğazlardan keçən gəmilərin hərbi mühafizəsi müqabilində ABŞ-a investisiya yatırmasını təklif etməsi geosiyasi riskləri yüksəldib. Analitiklər hesab edirlər ki, bu amillər dizel və neft qiymətlərində son bahalaşmanın əsas səbəblərindən biridir.
