Müəllif: Gülnar Əhmədli, Banco.az
Avstraliyada yaşayan 36 yaşlı Damian Gordon təkrar emaldan əldə etdiyi gəlirlə diqqətçəkən uğur hekayəsinə imza atıb. O, yeddi il ərzində topladığı boş şüşə və alüminium qutulardan əldə etdiyi pulla ev almaq üçün tələb olunan ilkin ödənişi ödəyib.
Banco.az xəbər verir ki, Damian Gordon 2017-ci ildə əlavə gəlir əldə etmək məqsədilə təkrar emal edilə bilən içki qablarını toplamağa başlayıb. Avstraliyada tətbiq olunan “Return and Earn” sistemi çərçivəsində təhvil verdiyi hər şüşə və qutu üçün 10 Avstraliya senti qazanıb. Qazandığı pulu xərcləmək əvəzinə mütəmadi olaraq yığan Gordon illər ərzində əhəmiyyətli məbləğdə vəsait toplayıb.
450 mindən çox şüşə və qutu toplayıb
İşdən sonra çimərliklərdə, parklarda və ictimai yerlərdə tullantılar toplayan Gordon zaman-zaman musiqi festivallarında könüllü təmizlik işlərinə də qatılıb. Yeddi il ərzində 450 mindən çox şüşə və qutunu təkrar emala təhvil verən Gordon təxminən 46 min Avstraliya dolları yığa bilib.
Gordon topladığı vəsaiti 2024-cü ildə aldığı evin ilkin ödənişinə yönəldib. Ev sahibi olmaq arzusunu təkrar emal sayəsində reallaşdıran Gordon ətraf mühitə töhfə verməyə və depozit sistemindən əldə etdiyi gəliri yığmağa davam etdiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
