67 milyon illik tiranozavr skeleti rekord qiymətə satıldı | Banco.az

67 milyon illik tiranozavr skeleti rekord qiymətə satıldı

Müəllif:Mehin Qasımova,Banco.az

67 milyon il yaşı olduğu bildirilən tiranozavr  skeleti ABŞ-ın Nyu-York şəhərində keçirilən Sotheby's hərracında 50,1 milyon dollara satılaraq dinozavr qalıqları üçün indiyədək ödənilən ən yüksək məbləğ rekordunu yeniləyib.

Banco.az xəbər verir ki, "Qaz" (Gus) adı verilən nadir skeletin uzunluğu 4 metrdən çoxdur və qalıqlarının 60 faizdən çoxu qorunub saxlanılıb. Mütəxəssislər onu indiyədək aşkar edilən ən gözəl nümunələrindən biri hesab edirlər.

"Qaz" 2021-ci ildə ABŞ-ın Cənubi Dakota ştatında yerləşən fermada aşkarlanıb. Qazıntılar üç mərhələdə aparılıb, daha sonra skeletin bərpası, təmizlənməsi və elmi tədqiqi təxminən üç il davam edib.

Sotheby's-in elm və təbiət tarixi şöbəsinin rəhbəri Kassandra Hatton bildirib ki, bu nəticə uzun illər davam edən peşəkar əməyin məhsuludur. Onun sözlərinə görə, skelet ən yüksək elmi standartlara uyğun şəkildə qazılıb, sənədləşdirilib və qorunub saxlanılıb.

Araşdırmalar zamanı skeletin kəlləsində diş izləri, həmçinin sağalmış qabırğa sınıqları aşkarlanıb. Alimlər hesab edirlər ki, bu xəsarətlər dinozavrın digər yırtıcılarla mübarizəsi zamanı yaranıb.

Qeyd edək ki, bu satış 2024-cü ildə "Apex" adlı steqozavr skeletinə məxsus rekordu geridə qoyaraq, dinozavr qalıqlarının ilk dəfə 50 milyon dollardan yuxarı qiymətə satılması ilə tarixə düşüb. Yeni sahibinin kimliyi isə hələlik açıqlanmayıb.