67 milyon illik skelet 50 milyon dollara satıldı – Rekord | Banco.az

67 milyon illik skelet 50 milyon dollara satıldı – Rekord

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Nyu-York şəhərindəki "Sotheby's" hərrac evində satışa çıxarılan 67 milyon illik Tirannozavr (T-Rex) skeleti gözləniləndən xeyli yüksək qiymətə satılaraq tarixə düşüb.

Banco.az xəbər verir ki, “Gus” adı verilən nəhəng fosil cəmi 10 dəqiqə davam edən hərracda 50,1 milyon dollara satılıb və dünyanın ən bahalı dinozavr fosili olub.

Təxminən 4 metr hündürlüyündə olan skelet indiyədək aşkarlanmış ən böyük və ən bütöv T-Rex nümunələrindən biri hesab edilir. Hərracda yeddi nəfər iştirak edib. Mütəxəssislər fosilin 20-30 milyon dollar arasında satılacağını gözləsələr də, yekun qiymət bu proqnozu xeyli üstələyib.

Fosil 2021-ci ildə bir fermada aşkarlanıb və təxminən 2 il davam edən qazıntı işlərindən sonra üzə çıxarılıb. Skeletin laboratoriyada yenidən birləşdirilməsi isə 3 il çəkib.

Bu satışla əvvəlki rekord da yenilənib. Dinozavr fosili üzrə əvvəlki ən yüksək satış məbləği 2024-cü ildə yenə "Sotheby's"də 44,6 milyon dollara satılan “Apex” adlı Stegosaurus fosilinə məxsus idi.

“Gus” həm elmi, həm də kolleksiya baxımından böyük maraq doğuraraq paleontologiya, incəsənət və hərrac dünyasının ən diqqətçəkən satışlarından birinə çevrilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram