4 şirkətin səhmdarı, 2 şirkətin direktoru olan 22 yaşlı gənc: “Uğur səyahətdir, hədəf deyil” | Banco.az

4 şirkətin səhmdarı, 2 şirkətin direktoru olan 22 yaşlı gənc: “Uğur səyahətdir, hədəf deyil”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Mən həmyaşıdlarıma məsləhət verən zaman onlara davamlı öyrənməyin tərəfdarı olduğumu deyirəm. Ola bilsin ki, siz bu yolda çətinliklərlə qarşılaşa bilərsiniz. Amma bu  uğursuzluqlarınızdan öyrənin, səhv etməkdən qorxmayın və özünüzü daim inkişaf etdirin”.

Bu sözləri “Deirvlon Technologies” şirkətinin təsisçisi və icraçı direktoru Kamran Qasımov deyib.

22 yaşlı gənc iş adamının uğurları təkcə bundan ibarət deyil. O  eyni zamanda  “Monyo.az” ın icraçı direktoru həm də “Universal Programming Language” script dilinin yaradıcısıdır.

Robot Mütəxəssisi və Hardware elektronikası, İOS İnkişafı,  NET Framework, Android İnkişafı, Süni İntellekt, 20-dən çox proqramlaşdırma dilində proqramçı olan Kamran nailiyyətləri sırasında bunlar sadəcə bir neçəsidir.

Texnologiya sahəsinin uğurlu namizədlərindən olan Kamran Qasımovun Banco.az-a olan geniş müsahibəsini təqdim edirik:

Salam Kamran, müsahibə üçün razılıq verdiyinə görə, təşəkkür edirəm. Oxucularımıza özünü necə təqdim edərdin? Kamran Qasımov kimdir?

Mən Kamran Qasımov 2000-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta təhsilimi Gəncə şəhərinin 39 nömrəli tam-orta məktəbində almışam. Daha sonra Gəncə İstək Liseyində təhsilimi (Gəncə Azərbaycan Türk özəl Liseyi) davam etdirmişəm. Təhsildə göstərdiyim nailiyyətlərimə görə Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmışam. Liseyi nümunəvi attestat və qızıl medalla liseyi bitirmişəm. 2017-ci ildə 559 bal toplayaraq BDU-nun “Kompüter elmləri” ixtisasına  dövlət sifarişli əsaslarla daxil olmuşam. 2018-ci ildə Təhsil Nazirliyinin xüsusi layihəsi olan SABAH qruplarına yüksək balla daxil olmuşam. 2021-ci ildə isə  cənab Emin Əmrullayev tərəfindən “Müvəffəqiyyətlə bitirmə” sertifikatı alaraq  "Fəxri məzun" oldum.

2021-2023 -cü illərdə magistratura təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Süni intellekt” dövlət sifarişli ixtisası üzrə magistr dərəcəsini əldə etmişəm. Hal-hazırda doktorantura təhsilimi davam etdirirəm.

Hələ məktəbdə oxuduğum zamanlardan bir çox yerli və beynəlxalq layihə olimpiadasında müxtəlif dərəcəli naliyyətlər əldə etmişəm. Uğurlarımdan bir neçəsini sadalamaq istərdim.

 2014 “İnformatika Layihə Olimpiadası” Proqramlaşdırma – 3-cü yer

2015 “İnformatika Layihə Olimpiadası” Proqramlaşdırma – 1-ci yer

2016 “Sabahın alimləri” Kompüter elməri – 2-ci yer

2016 “I Robot Olimpiadası” Lego Sumo – 1-ci yer

2016 “I Robot Olimpiadası” Lego Line follower – 1-ci yer

2016 “I Robot Olimpiadası” Hardware control – 1-ci yer

2017 “Golden Byte” Mobile Development – 2-ci yer

Artıq bakalavr təhsilimə başlamağa 2 gün qalmış  ilk iş təklifimi “Robototexnika üzrə mütəxəssis” olaraq almışdım.

2017-2018-ci illərdə Beynəlxalq İstək liseydində, 2017-2021-ci illər Kaspi Təhsil Şirkəti, 2018 -2020-ci illərdə İT City Academy-də “Robototexnika üzrə mütəxəssis” olaraq çalışmışam. Bu qurumlarda çalışdığım vaxtlarda şagirdlərim bir çox yerli və beynəlxalq olimpiadada müxtəlif dərəcəli naliyyətlər qazanıb. 2021-ci ildə hələ bakalavr təhsilimi davam etdirdiyim zamanlarda ilk şirkətim olan “Deirvlon Technologies” şirkətini rəsmi olaraq yaratdıq. Şirkəti qurduqdan təqribən 4 ay sonra şirkət daxilində yaratdığımız gələcəkdə artıq ikinci şirkətim olacaq “Monyo.az”ın əsasını qoyduq. Bu gün 4 şirkətin səhmdarı, 2 şirkətin direktoru, 3 şirkətin texnologiya üzrə direktoruyam.

Kamran nə üçün məhz texnologiya sahəsi? Siz həkim və ya mühəndis də ola bilərdiniz. Nə üçün məhz bu sahəyə yönəldiniz?

Mənim anam həkim, atam isə texnologiya və mexanika üzrə doset olaraq universitetdə çalışır. Texnologiyaya olan marağımda atam xüsusi rol oynayır. Onun bu sahəyə olan marağı və mükəmməl elektronika bacarıqları, mənə də dərindən təsir etmişdir. Elə uşaq vaxtlarımdan cihazların necə işləməsi mənim üçün çox maraqlı olub və onlar haqqında məlumat almağa çalışmışam. Mən görürdüm ki, bu cihazlar insanların həyatını asanlaşdırır. Elə o vaxtlarda qərar verdim ki,  mən də tarixdə iz qoymuş ixtiraçılardan olum. Hələ kiçik yaşlardan çox çalışmağıma baxmayaraq yaşımın az olduğuna və resursların limitli olmasına görə, əlimdə olanlarla ideyalarımın maketlərini hazırlayırdım. Bəzən də həmin vaxtlar reallaşdırmağım mümkün olmayan ixtiralarımı detallı yazdığım və planlarını çəkdiyim qeyd dəftərimə qeyd edirdim.Bir gün resurslar olmamasından bezdim və virtual dünya olan kompüter aləminə daxil olmaq qərarına gəldim. Hesab edirəm ki, əgər bir komputerin varsa çox şeyi mümkün edə bilərsən. Mən düşündüm ki, “Google” şirkətinin yaradıcıları Larry Page və Sergey Brin bir kompüterlə "Google" kimi saytı yarada biliblərsə məndə də həmin kompüterdən var və məndə edə bilərəm. Hələ 6-cı sinifdə oxuyarkən atamın vermiş olduğu “.dll” faylları modifikasya etmək üçün olan kiçik həcmli poqramı istifadə edərək Microsoft şirkətinə məxsus olan “Windows XP” əməliyyat sistemini tamamilə modifikasiya edərək rus dilindən azərbaycan dilinə çevirmişdim.

Nəticədə ,"WindowsXP" əməliyyat sistemini yeni interfeysli “Windows AZE” adlı əməliyyat sisteminə çevirdim. Bir  müddətdən sonra kiminsə yazdığı proqramı modifikasiya etmək yox, öz proqram təminatımı sıfırdan yazmaq istəyirdim və bu andan sonra artıq mən proqramlaşdırma sahəsinə addımlarımı atdım. Heç bir kursa getmədən evdə internetdən ingilis dilində videolara baxaraq müxtəlif proqramlaşdırma dillərini öyrəndim və müxtəlif platformalara (Windows XP\7\8\8.1\10, iOS, Android, Web və.s) proqramlar, saytlar və oyunlar hazırladım. Bu gün 20-dən çox proqramlaşdırma dilində proqramlar yaza bilirəm. Eyni zamanda 3D modelləmə, Uİ/UX dizayn, qrafik dizayn və.s kimi texnologiyalar sahələrində də peşəkar bacarıqlara sahibəm.Baxmayaraq ki, tibb sahəsinə, xüsusilə də cərrahiyyə sahəsinə marağım var, düşünürəm ki, texnologiya sahəsində daha çox insana kömək edə bilərəm. Əgər başqa bir ixtisas seçsəydim o həkimlik olardı.

Kamran biz sizi  “Deirvlon Technologies”in qurucusu kimi tanıyırıq. Bir qədər bu barədə danışaq. İdeya necə yarandı?

Əslində rəsmi olaraq dövlət qeydiyyatına 2021-ci ildə alınmasına baxmayaraq, şirkətin əsası 2011-ci ildə qoyulub. İlk başladığım gündən yazdığım proqramlar, oyunlar və saytların hamısını “Deirvlon” şirkəti adı altında hazırlayırdım. Çünki düşünürdüm ki,həm  marka olaraq yaratdıqlarımın sahibi olan şirkət olmalıdır və adı isə unikallığı ilə seçilməlidir. Həmin vaxtlar unikal ad axtarışında idim və 2009-cu ildə özümün şifrəli danışıq dilim olan “Aloposn” dilində sonsuzluq mənasını verən “Deirvlon” sözünü seçdim. Çünki bu söz dünyada olan heç bir adla toqquşmurdu və qulağa xoş səslənirdi. Qısaca desək şirkəti yaratmaq qərarı əslində illər öncədən verilmiş bir qərar idi.

Olduqca maraqlıdır. Bəs şirkətin iş prinsipi nədən ibarətdir?

“Deirvlon Technologies” olaraq bu gün şirkətlərə xüsusiləşdirilmiş daxili idarə etmə, CRM, ERP, vebsaytlar, mobil tətbiqlərin hazırlanması və.s kimi həlləri, həm proqram təminatı səviyyəsində, həm də cihaz istehsalı səviyyəsində xidmət olaraq təklif edir. Eyni zamanda ideyası və maliyyəsi olan şəxslərin arzuladığı platformaları, saytları və mobil tətbiq ideyalarını hazırlayaraq onlara texniki olaraq dəstək oluruq. 

Elə bu yaxınlarda  “Deirvlon Technologies”də aqro innovasiyalara verdiyiniz töhfələrə görə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mükafatlandırıldınız. Dövlət tərəfindən işinizə verilən qiymət və dəstək işinizə olan inama necə təkan verir?

Ən sərfəli kredit üçün müraciət et

Gördüyümüz işlərin dövlət səviyyəsində dəyərləndirilməsi sevindirici  haldır və bu sahəyə olan marağımızı daha da artırır. Xüsusi olaraq da “Aqrar İnnovasiyalar Mərkəzi” və onun direktoru Anar Cəfərova bu sahənin inkişaf etməsinə ayırdığı diqqətə görə təşəkkür edirəm. Onu da qeyd etmək istərdim ki, bu sahənin inkişafı üçün lazımlı bir çox addımlar atırlar və aqrar startaplara bir çox yöndən yardım edirlər. Əgər oxucularımız arasında aqrar sahəyə yönəlik startapı olan varsa, onlarla əlaqəyə keçməklərini mütləq şəkildə tövsiyyə edirəm. Düzdür, mənim onlardan  sonradan xəbərim oldu, amma bu müsahibə vasitəsi ilə bilməyənləri məlumatlandırmaq istəyirəm.

Bilirsiniz ki, son zamanlarda süni intellekt texnologiyası bir çox sahələrdə tətbiq olunur. Bəziləri   düşünür ki, bir gün bu texnologiya insanları əmək sektorundan sıxışdırıb çıxara bilər. Belə bir ehtimallar mümkündürmü?

Süni intellekt artıq gündəlik yaşamımızın hər bir hissəsində biz görməsəkdə öz işini görür. Getdikcə  tətbiq sahələri genişlənir. Hətta bəzi peşələri artıq sıxışdırır. Bunlara baxmayaraq düşünürəm ki, süni intellekt qorxulacaq bir texnologiya deyil. Bir reallıq qaçınılmazdır ki, texnologiya daim inkişaf edir və bu inkişaf nəticəsində köhnə texnologiya yenisi ilə əvəz olunur. Texnologiyalar əvəz olunduğu kimi köhnə işlər də yenisi ilə əvəzlənir. Misal üçün 100 il əvvəl avtomobillər yaranmağa başlayanda fayton sürənlər işsiz qaldı, amma yeni avtomobil sürücüsü peşəsi yarandı. Kompüter yarandı “Computer” adlanan hesablayıcı peşəsini əvəz etdi, amma əvəzində bir çox sahə yarandı (proqramçı, qrafik dizayner, ui/ux dizayner, kompüter ustası və.s). Gələcəyi indiki imkanlarımızla təxmin etmək çətindir. Belə bir ehtimal var ki, bir nöqtədən sonra süni intellekt və digər cihaz texnologiyaları insanları tamamilə əvəz etsin. Düşünürəm ki, əgər onlar üzərində idarəni itirməsək və bəzi insanlar bu texnologiyanı silah olaraq istifadə etməsə bu heç vaxt baş verməyəcək.Biz süni intellektə məncə işlərimizi əlimizdən alacaq qorxulu bir texnologiya olaraq yox, işlərimizi asanlaşdıran bir alət olaraq yanaşmalıyıq. Keçmişdən günümüzə kimi, texnologiyanın hər yeni  mərhələsində insan oğlunun imkanları daha da genişlənmişdir. Süni intellekt isə ən son texnoloji inqlab hesab olunur və o da imkanlarımızı həddindən artıq genişləndirir və genişləndirməyə də davam edəcək kimi görsənir.

Qaçılmaz görünən bu inkişafla çiyin-çiyinə yarışmaq üçün gənc nəsil necə bir peşə seçimi etməlidir?

Peşə tövsiyyəsi etmək bu gün üçün çox çətindir. Çünki bazarda ehtiyaclar tez-tez dəyişir. Amma gələcəkdə hansı peşə yox, hansı bacarıq önəmli olacaq desəz mütləq ki, tez öyrənmə bacarığı deyərdim. Mənə ən çox verilən suallardan biri, “Hansı sahəyə yönəlim?”dir. Düşünürəm ki, bu sualın cavabını sualı verəndən başqası cavablandıra bilməz. Çünki, hərkəsin maraq dairəsi fərqlidir, hər kəs fərqli işlərdən həzz ala bilər. Ona görə hər hansı işdən başlamaqlarını tövsiyyə edirəm. Karyera yolunu axan su kimi görürəm. Hara tökülməyindən asılı olmayaraq su öz yolunu tapıb axdığı kimi, insan da bir yola girməli və o yolda gedərək sonunda özünün aid olduğu yeri tapmalıdır.

Azərbaycanı dünyada uğurlarınızla yüksək səviyyədə təmsil edirsiniz. Hisslərinizdən bir qədər danışardınız.

Qürurverici və bir o qədərdə məhsuliyyətli bir hissdir. Həm özüm bir çox dünya olimpiadasında iştirakçı olaraq iştirak etmişəm.Robototexnika üzrə mütəxəssis olaraq çalışdığım müddətlərdə şagirdlərim bir çox dəfə Amerika, Kostarika, Tayland, Qazaxıstan, Ruminya və.s kimi ölkələrdə ölkəmizi təmsil etmişdir. Bu gün  isə şirkətlərimlə həmin misiyanı davam etdirirəm. Bir azərbaycanlı olaraq etmək istədiklərimin arasında Azərbaycanın ilk “unicorn”u olmaq, startap sahəsinə öz töhfəmi vermək və şirkətimizlə Azərbaycanı bir daha dünyaya tanıtmaq var.

Kamran  23 yaşında uğurdan-uğura qaçan bir gənc kimi, yaşıdlarınıza, sizin  nailiyyətlərinizə heyran qalan kütləyə məsləhətləriniz nə olardı?

Həmyaşıdlarıma və pərəstişkarlarıma məsləhət verərkən, mən davamlı öyrənməyin tərəfdarı olduğumu demək istəyirəm. Yolunuzda çətinliklərlə qarşılaşacaqsınız, uğursuzluqlarınızdan öyrənin, səhv etməkdən qorxmayın və özünüzü daim inkişaf etdirin. Özünüzü müxtəlif düşüncəli insanlarla əhatə edin və əlaqələr qurmaqdan qaçmayın. İddialı məqsədlər qoyun, onları əldə edilə bilən addımlara bölün. Uğur bir səyahətdir, hədəf deyil. Prosesi qiymətləndirin, təvazökar olun və müsbət təsir göstərmək üçün hər fürsətdən istifadə edin. Səyahətiniz unikaldır, ona görə də özünüzə güvənin, israrlı olun. Onu unutmayın ki, uğur hərşeyin sonunda mükafat aldığın an deyil, ona gələnə kimi keçdiyin yoldur. Ona görə hər addımdan zövq alın.

Bir qədər də “Monyo.az” haqqında danışaq. Mənim də istifadə etdiyim bu aplikasiya restoranlarla bağlı çox köməkçi olur. İdeya necə yarandı, gözləntiləri doğrultdumu?

“Monyo.az” ilk dəfə 2021-ci ildə QR menyu olaraq yaranıb. Həmin vaxtlarda bir görüş üçün Gəncədə yerləşən məhşur restoranlardan birində əyləşmişdim. Ofisiantdan menyunu istədim  və mənə menyu əvəzinə kiçik bir kart verdi, üzərində QR kod var idi. Maraqlı gəldi, QR menyuların olduğu haqqında məlumatım var idi , amma heç vaxt istifadə etməmişdim.Kifayət qədər təkminləşmiş olduqlarını düşünürdüm ona görə əvvəl bu işlə məğul olmaq fikrim olsada etməmişdim. Tez telefonumla QR kodu oxutdum və qarşılaşdığım mənzərə “Google Drive” üzərində qovluqlardan və şəkillərdən hazırlanmış çox primitiv və istifadəsi çətin olan bir menyu oldu. Baxmayaraq ki, QR menyular çox popular deyildi çox az sayılı restoranda var idi. Mükəmməl QR menyu yaratmaq qərarına gəldim və öz-özümə “heç kimə satılmasa belə, bu restorana verərəm” deyə düşünürdüm. Bakıya qayıtdığım zaman Monyonun ilk versiyasını yaratıq və əməkdaşlardan xahiş etdim ki, Gəncədəki həmin restorana təklif etməmişdən əvvəl Bakıdakı restoranlarda yoxlasınlar. İlk satışlar olmağa başladı və həmin Gəncədə olan restoran özü bizə zəng etdi və Monyonu sifariş etdi. Həmin restoran 4-cü müştərimiz olmuşdu. Həmin gündən etibarən QR menyu sahəsində inqlaba təkan verdik və Azərbaycanda QR menyuları popularlaşdırdıq. Bu gün biz QR meyudan daha çoxunu təklif edirik (Menyu, Rezervasiya, Dəyərləndirmə, Orqanizasiyalar və.s) və 1700-dən çox restoran, kafe və otel bizimlə çalışır. Eyni zamanda QR menyu ilə yanaşı restoran idarə etmə sistemi olan bulut əsaslı “Monyo POS” sistemimizdə mövcuddur. Bu bazanı formaşdırdıqdan sonra artıq Azərbaycanın HORECA (Hotel, Restoran və Cafe) platforması olan Monyo App mobil tətbiqini yaratdıq. Tətbiq daxilində istifadəçilər yaxında olan restoranları tapa, menyularına baxa, rezervasiya edə, dəyərləndirə, interyerinə baxa, əlaqə məlumatlarını və məkana aid istənilən məlumatı ala bilərlər.
2022-ci ildə “Monyo App”in çıxdığı ilk il "Google Play" və "App Store" mağazalarında trendləri alt-üst etdi və eyni zamanda Azərbaycanın milli internet mükafatlarından biri olan NETTY-də ilin  mobil tətbiqi seçildi.
2023-cü ildə Azərbaycanın digər milli internet mükafatı olan MilliNET-də də illin mobil tətbiqi seçildi. Bu gün Azərbaycanda 3 milyondan çox insan Monyo platformasını istifadə edir.

Qarşıdan yeni il gəlir. Sizi təbrik edirik, yeni planlar varmı?

Yeni ildə yeni planlarımız var. “İnMerge İnnovation Summit”də ilk dəfə tanıtdığımız “Monyo Pay” layihəsinin tətbiq etməyə başlayacağıq. “Monyo Pay” vasitəsi ilə siz restoranlarda QR menyularımızın daxilində bir toxunuşla masanın hesabını ödəyə, ofisanta bəxşiş verə, yeməyi dəyərləndirə biləcəksiniz. Biz Monyo olaraq yemə-içmə mədəniyyətimizi başdan yazırıq.

Kamran, müsahibə üçün təşəkkür edirəm.Sizi yaxından tanımaq xoş oldu. Uğurlar arzulayırıq.

Mən də təşəkkür edirəm. Fürsətdən istifadə edərək həm sizin, həm də oxucularımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edirəm!.