DəmirBank 16 iyul 2014-cü il tarixində Qazax filialının ofisində “Açıq qapılar” tədbiri keçirib.
Tədbirdə Bankın nümayəndələri və müştəriləri, Qazax rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Filiala gələn qonaqlar üçün bayram furşeti təşkil olunub.
Bankın nümayəndələri çıxış edərək DəmirBank-ın fəaliyyəti, tarixi uğurları və üstünlükləri, eləcə də Qazax filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat veriblər. Tədbir iştirakçıları Qazax filialının xidmətlərindən istifadə etməyə dəvət ediliblər.
Həmçinin qonaqlara filialın təhsil işçiləri üçün təklif etdiyi güzəştli kredit və DəmirTaksit kartı barədə də ətraflı məlumat verilib. Tədbir çərçivəsində Qazax filialının 3 nümunəvi kredit müştərisinə Samsung Galaxy S III Mini smartfonu təqdim olunub.
Qeyd edək ki, analoji tədbirlər ötən illərdə Şəmkir, Lənkəran, Beyləqan və Qubada da təşkil edilib.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.