"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bankın baş ofisinin qarşısında intihar etmək istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, vətəndaş Emil Natiq oğlu Əliyevin etirazı ABB-nin fəaliyyətinə aid deyil: "Onun etirazı vaxtilə bankda sürücü işləmiş şəxslə bağlıdır. Belə ki, həmin şəxs E.N.Əliyevin etibarından sui-istifadə edərək ondan pul alıb və geri qaytarmayıb. Vətəndaşlara qarşı bu cür dələduzluq əməlləri üzə çıxarılan sürücü ötən il işdən kənarlaşdırılıb. Eyni zamanda, bu əməllərinə hüquqi qiymət verilməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və o, hazırda həbsdədir".