Novruz bayramı öncəsi Unibank dəyərli müştərilərinə daha bir sürpriz etdi. Unibank-ın plastik kart sahiblərinə bankın xoş xəbəri var - valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə silinmiş məbləğlər müştərilərə geri qaytarılıb. Unibank-ın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, Unibank hər zaman müştəri məmnuniyyətini əsas tutaraq, onların gözləntilərini qarşılamağa çalışır.
Mövcud məzənnə dəyişikliyindən sonra kart istifadəçilərinin üzləşdikləri vəziyyəti nəzərə alan bank, 1200-ə yaxın müştərisinin itirmiş olduqları vəsaiti kompensasiya edib. “Unibank olaraq qərar verdik ki, manatın xarici valyutalara qarşı məzənnəsinin dəyişməsi nəticəsində plastik kart istifadəçilərimizin məruz qaldıqları vəsait itkilərini öz üzərimizə götürək. Bu məqsədlə, həmin vəsait 21 fevral tarixinədək Unibank-ın MasterCard və Visa ödəniş kartları ilə xarici valyutalarda əməliyyat aparmış və bankla hesablaşma anında əlavə məbləğ itirmiş müştərilərimizin kart hesablarına bərpa edilib”.
Qeyd edək ki, ödəniş kartları ilə xarici valyutada əməliyyatlar üzrə mövcud hesablaşma qaydalarına əsasən, əməliyyat anında kart hesabında əməliyyatın məbləği həmin günün rəsmi məzənnəsinə müvafiq olaraq bloklanır. Bankla müştəri, eləcə də bankla qarşı tərəf arasında hesablaşma isə bir ay ərzində baş verə bilir. Bu zaman, aparılmış əməliyyatın məbləği hesablaşma aparılan günün məzənnəsinə müvafiq olaraq konvertasiya edilir. Nəticədə yerli valyutanın xarici valyutalar qarşısında ucuzlaşması, yaxud bahalaşmasından asılı olaraq, kart hesabından bloklanmış məbləğə nisbətən daha çox, yaxud daha az məbləğ silinir. Hesablaşma günü 21 fevraldan sonrakı tarixlərə təsadüf edən əməliyyatlar üzrə kart istifadəçilərindən daha çox məbləğlərin silinməsi bununla izah olunur.