Azərbaycan Sahibkarlar Konfederasiyasının Xorvatiya Respublikasında Nümayəndəliyi açılıb | Banco.az

Azərbaycan Sahibkarlar Konfederasiyasının Xorvatiya Respublikasında Nümayəndəliyi açılıb

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Xorvatiya Respublikasında (habelə Balkan region üzrə) Nümayəndəliyi təsis edilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının bölgədəki Nümayəndəsi  kimi Xorvatiyada fəaliyyət göstərən tanınmış iş adamı Yusif Eyyubov təyin edilib.

Nümayəndəlik, Balkan ölkələri və Azərbaycan Respublikasının biznes icmaları arasında səmərəli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, yeni imkanların, ticarət və investisiyaların təşviq olunması, ticarət, sənaye və kənd təsərrüfatı və s. iki tərəfli əlaqələrin genişlənməsi məqsədi ilə yaradılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Nümayəndəlik tərəfindən yaxın perspektivdə iki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsi, tərəfdaşların axtarılıb tapılması, müxtəlif ölkələrdə investisiya imkanlarının araşdırılması istiqamətində konkret tədbirlərin təşkili planlaşdırılır.

Qeyd edək ki, bununla da ASK-nın xarici ölkələrdə 16 numayəndəsi oldu. Onlar Polşa Respublikası və Rusiya Federasiyasının Kalininqrad  vilayəti, Macarıstan  Respublikası, Çexiya Respublikası, İtaliya Respublikası, Bolqarıstan  Respublikası, Moldova  Respublikası, İspaniya  Respublikası, Ukrayna,İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya  Federasiyası, Amerika  Birləşmiş  Ştatları, Fransa Respublikası,Türkiyə, Almaniya, Xorvatiyada  fəaliyyət göstərirlər.