Müəllif: Gülnar Əhmədli, Banco.az
"Qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların adlarına müxtəlif hüquqi şəxslərin təsis olunması ilə bağlı hallara hələ də rast gəlinir".
Bunu Banco.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirb.
Onun sözlərinə görə, vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar:
"Belə hallarda hüquqi şəxslərin dövlət büdcəsinə borcu yarandığına görə, formal olaraq təyin edilmiş “direktor”un məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır, dövlət büdcəsinə xeyli miqdarda vergi borcu yarandıqda isə həmin hüquqi şəxslər barəsində cinayət işi başlanılır.
Qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına alınmış elektron imza ilə təsis olunan hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar. Vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamaq (müəssisə təsis etmək və ya VÖEN əldə etmək) və başqa şəxslərin vədlərinə inanmamaq tövsiyə edilir.
Əks halda onlar vergidən yayınma sxemləri ilə cinayətkar fəaliyyət həyata keçirən şəxslərə şərait yaratmış olurlar. Bu halda gələcəkdə yaranacaq vergi öhdəliklərinə görə məsuliyyəti vətəndaş özü daşımalı olur".
Fariz Əkbərov qeyd edib ki, vətəndaşın adına şirkətin mövcudluğunu yoxlamaq üçün "Asan İmza” nömrəsi özündədirsə, elektron kabinetdən hər hansı şirkətdə qanuni təmsilçi olub-olmadığını, rəsmi alqı-satqı əməliyyatlarını görə bilər:
"Asan İmza” nömrəsi olmadan isə Dövlət Vergi Xidmətinin saytında FİN kod və şəxsin öz adına olan mobil nömrə vasitəsilə şəxsi kabinetə daxil olmaqla oraya hər hansı təsis sənədlərinin gəlib-gəlmədiyini görmək olar.
Digər bir üsul isə şəxsiyyət vəsiqəsi ilə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşaraq bunu yoxlamaqdır.
Bir sıra hallarda vətəndaşlar özlərinin vergi ödəyicisi olduqlarını və şəxsən məsuliyyət daşıdıqlarını bilmirlər, yaxud qanunsuz sahibkarlıq fəaliyyətinin faktiki rəhbəri olan şəxslər onları qəsdən səhv məlumatlandırırlar".
Bizi sosial şəbəkələrdən izləyin!!
