Braziliya toyuq əti və bal ixracı üçün Aİ-dən yaşıl işıq gözləyir | Banco.az

Braziliya toyuq əti və bal ixracı üçün Aİ-dən yaşıl işıq gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya toyuq əti və bal ixracı üçün Aİ-dən yaşıl işıq gözləyir.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Braziliyadan quş əti və bal idxalının bərpasına imkan yarada biləcək yeni yoxlama prosesinə hazırlaşır.

Avropa Komissiyasının sözçüsü Eva Hernçirovanın açıqlamasına görə, yoxlama avqustun sonunda keçiriləcək. Yoxlama zamanı Braziliyanın ixrac edilən heyvan mənşəli məhsulların əldə olunduğu heyvanların bütün ömrü boyunca antibiotik istifadəsi ilə bağlı Aİ qaydalarına əməl edib-etmədiyi qiymətləndiriləcək.

"Bloomberg"in məlumatına görə, sözügedən yoxlama Braziliyanın tələb olunan ömürboyu zəmanətləri təqdim edə bilmədiyi mal əti və yumurtanı əhatə etməyəcək. Həmçinin Aİ-yə ixracına hələ rəsmi icazə verilməyən su məhsulları da yoxlamadan kənarda saxlanılacaq.

Yoxlamanın nəticələrinə dair hesabatın növbəti həftələrdə hazırlanacağı gözlənilir. Nəticə müsbət olacağı təqdirdə, Avropa Komissiyası Braziliyanın quş əti və bal ixracına icazə verilən üçüncü ölkələr siyahısına yenidən daxil edilməsini gündəmə gətirə bilər.

Mümkün qayda dəyişikliyi Aİ-yə üzv ölkələrin səsverməsinə təqdim olunacaq.

Hazırda Braziliya 3 sentyabrdan qüvvəyə minəcək antibiotik standartları çərçivəsində Aİ-yə ixracına icazə verilən ölkələr siyahısında yer almır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram