Trampdan amerikalılara 5 min dollarlıq dividend vədi | Banco.az

Trampdan amerikalılara 5 min dollarlıq dividend vədi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyası ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qazandığı təqdirdə amerikalı yetkin vətəndaşlara 5 min dollar ödəniş ediləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp Dallasda keçirilən Respublikaçıların ara seçki konvensiyasında çıxışı zamanı bu ödənişi “dividend” adlandırıb və vəsaitin ABŞ iqtisadiyyatında əldə olunan irəliləyişlər hesabına mümkün olacağını bildirib.

Tramp həmçinin amerikalılara veriləcək 5 min dolların yalnız ABŞ daxilində xərclənə biləcəyini deyib.

ABŞ-da təxminən 270 milyon yetkin şəxsin yaşadığı nəzərə alınarsa, hər bir vətəndaşa 5 min dollar ödənilməsi proqramın ümumi dəyərinin təxminən 1,35 trilyon dollar olacağı anlamına gəlir.

Bununla belə, Tramp çıxışı zamanı vəsaitin konkret olaraq hansı mənbədən maliyyələşdiriləcəyini, ödənişlərin nə vaxt başlayacağını və hansı vətəndaşların proqramdan yararlanacağını açıqlamayıb.

Trampın 5 min dollarlıq ödəniş planının həyata keçirilməsi üçün Konqresin təsdiqinin tələb olunub-olunmayacağı da hələlik məlum deyil.

ABŞ Prezidenti daha əvvəl 2 min dollarlıq “tarif dividendləri” təklif etmiş və bunun həyata keçirilməsi üçün Konqresin təsdiqinə ehtiyac olmadığını bildirmişdi.

ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett isə daha əvvəl belə ödənişlərin həyata keçirilməsi üçün Konqresin təsdiqinin tələb oluna biləcəyini açıqlamışdı.

Bu səbəbdən Konqresin Trampın yeni 5 min dollarlıq ödəniş vədi ilə bağlı mövqeyi proqramın həm maliyyələşdirilməsi, həm də icrası baxımından həlledici əhəmiyyət daşıya bilər.