Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp administrasiyası yaradılması planlaşdırılan yeni Sülh Şurasında daimi yer almaq istəyən ölkələrdən ən azı 1 milyard dollar ianə tələb edir.
Banco.az xəbər verir ki, Bloomberg agentliyinin əldə etdiyi qanun layihələrinə əsasən, bu təşəbbüs Vaşinqtonun beynəlxalq institutlarla bağlı yanaşmasında köklü dəyişikliklərə işarə edir.
Layihəyə görə, Donald Tramp yeni yaradılacaq Sülh Şurasının ilk sədri olacaq və şuraya üzv kimi hansı ölkələrin dəvət ediləcəyinə şəxsən qərar verəcək. Şurada qərarlar səs çoxluğu ilə qəbul ediləcək. Hər bir üzv ölkənin bir səsi olsa da, qəbul edilən bütün qərarların qüvvəyə minməsi üçün ABŞ prezidentinin təsdiqi zəruri olacaq.
Sənəddə qeyd olunur ki, üzv ölkələr şurada maksimum üç il müddətinə fəaliyyət göstərə biləcək və bu müddət Tramp tərəfindən uzadıla bilər. Lakin nizamnamənin qüvvəyə minməsindən sonrakı ilk il ərzində şuraya 1 milyard dollardan artıq nağd vəsait köçürən ölkələr üçün bu üç illik məhdudiyyət tətbiq olunmayacaq.
Bu təşəbbüs beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Tənqidçilər Trampın uzun müddətdir tənqid etdiyi Birləşmiş Millətlər Təşkilatına alternativ və ya rəqib bir struktur yaratmağa çalışmasından narahat olduqlarını bildirirlər.
Məlumata görə, Tramp artıq bir sıra dünya liderlərini yeni Sülh Şurasının çətiri altında formalaşdırılması planlaşdırılan Qəzza Sülh Komitəsinə üzv olmağa dəvət edib. Dəvət olunanlar arasında Argentina prezidenti Xavyer Milei və Kanadanın baş naziri Mark Karni də var.
Eyni zamanda, ABŞ prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da Sülh Şurasının təsisçi üzvü olmağa dəvət etdiyi açıqlanıb. Bu dəvət yeni qurumun regional və qlobal təsir dairəsinin geniş olacağını göstərir.
Yeni Sülh Şurası təşəbbüsü beynəlxalq münasibətlər sistemində ciddi müzakirələrə səbəb olmaqla yanaşı, ABŞ-ın qlobal diplomatiyada rolunu yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir.
