Müəllif: Gülnar Əhmədli, Banco.az
Qlobal əmtəə bazarlarında gümüşün qiyməti sürətlə artır. Gümüşün bir unsiyası son üç ticarət günündə 9,7% bahalaşaraq həftəni 68,99 dollar səviyyəsində tamamlayıb.
Banco.az xəbər verir ki, həftə ərzində 70 dollara yüksələn qiymətli metal iyun ayından bəri ən yüksək səviyyəsini görüb. Gümüşün aylıq artımı 17%-i, avqustun əvvəlindən bəri yüksəlişi isə 20%-i ötüb.
Gümüşdəki yüksəlişə ABŞ dollarının zəifləməsi və qızılın bir unsiyasının 4 600 dolları keçməsi təsir edib. Bazarın qızılla müqayisədə daha kiçik olması isə gümüş qiymətlərində daha kəskin dalğalanmalara səbəb olur.
Analitiklər qısamüddətli dövrdə 70 dolları əsas müqavimət kimi qiymətləndirirlər. Bu səviyyənin üzərində möhkəmlənmə baş verərsə, 72,50, 75, 76,95 və 80 dollar səviyyələri gündəmə gələ bilər.
Böyük bankların proqnozları fərqlənir
Bankların 2026-cı il üçün gümüş proqnozları 63 dollardan 100 dollardan yuxarıya qədər dəyişir. JPMorgan 2026-cı il üzrə orta qiyməti 70,60 dollar, son rüb üçün isə 63 dollar proqnozlaşdırır. Commerzbank ilin sonu üçün 67 dollar, UBS 80 dollar, Citi qısamüddətli dövrdə 75 dollar hədəfi müəyyənləşdirib. Citi güclü tələbin davam edəcəyi təqdirdə gümüşün 6-12 ay ərzində 90 dollara çata biləcəyini düşünür. Bank of America isə qızılın bahalaşmasının davam edəcəyi halda gümüşün 100 dolları keçə biləcəyini bildirir.
Gümüşün istiqamətini Fed müəyyən edə bilər
Gümüşün növbəti dövrdəki qiymət dinamikasında ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti mühüm rol oynayacaq. Bununla yanaşı, inflyasiya, ABŞ istiqrazlarının gəlirliliyi, dolların məzənnəsi və sənayedən gələn gümüş tələbi də qiymətlərə təsir edən əsas amillər olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
