Taksit kartından istifadə zamanı ən çox edilən səhvlər hansılardır? | Banco.az

Taksit kartından istifadə zamanı ən çox edilən səhvlər hansılardır?

Müəllif: Şəbnəm İbrahimxəlilova, Banco.az 

Taksit kartları gündəlik alış-veriş zamanı ödənişi hissələrə bölmək və xərcləri daha rahat idarə etmək imkanı yaradır. Lakin kartdan düzgün istifadə edilmədikdə əlavə xərclər və gözlənilməz borclar yarana bilər. Bəzi istifadəçilər taksit şərtlərini, komissiyaları və ödəniş tarixlərini tam nəzərə almadan qərar verir.

Bəs taksit kartından istifadə edənlər ən çox hansı səhvlərə yol verirlər və bu səhvlər hansı maliyyə nəticələrinə səbəb ola bilər?

İstehlakçılar taksit kartı götürərkən hansı şərtlərə xüsusi diqqət etməlidirlər?

Maliyyə və bank eksperti Xəyal Məmmədli Banco.az-a bildirib ki, taksit kartları gündəlik alış-veriş zamanı ödənişləri daha rahat planlaşdırmağa və böyük məbləğli xərclərin yükünü aylara bölməyə imkan verir.

“Burada əsas məsələ taksit imkanının əlavə gəlir deyil, gələcək aylardakı gəlirlər hesabına bu gün edilən xərcləmə olduğunu unutmamaqdır.

Ən geniş yayılmış səhvlərdən biri taksit kartındakı mövcud limiti şəxsi gəlir kimi qəbul etməkdir. Kart limitinin yüksək olması həmin məbləğin tam xərclənməsinin maliyyə baxımından təhlükəsiz olduğu anlamına gəlmir. Əksinə, limitdən istifadə artdıqca gələcək aylarda ödənilməli olan məbləğ də artır.

Digər mühüm səhv aylıq ödənişlərin ümumi gəlirə nisbətini nəzərə almadan bir neçə alış-verişi paralel şəkildə taksitə bölməkdir. Ayrı-ayrılıqda kiçik görünən ödənişlər bir araya gəldikdə ailə büdcəsi üçün ciddi yük yarada bilər.

İstehlakçılar bəzən yalnız aylıq ödəniş məbləğinə diqqət yetirir, alışın ümumi dəyərinə isə baxmırlar. Halbuki komissiya, xidmət haqqı, gecikmə zamanı tətbiq olunan ödənişlər və digər şərtlər yekun xərcə təsir göstərə bilər. Ödəniş tarixlərinin unudulması da əlavə maliyyə yükü yarada və kartdan istifadənin ümumi xərcini artıra bilər”.

O deyir ki, bir kartın borcunu digər kredit və ya kart hesabına bağlamaq kimi yanaşmalar borcun strukturunu daha da mürəkkəbləşdirə bilər: “Əsas prinsip ondan ibarət olmalıdır ki, taksit alış-verişi büdcəyə uyğunlaşdırmalı, büdcəni taksitə uyğunlaşdırmamalıdır.

İlk növbədə, kartın yalnız reklam olunan üstünlüklərinə deyil, müqavilənin bütün maliyyə şərtlərinə baxmaq lazımdır. Xüsusilə aşağıdakı məsələlər əvvəlcədən aydınlaşdırılmalıdır:

* kart üzrə illik xidmət haqqı və digər komissiyalar;

* taksit müddəti və aylıq ödəniş məbləği;

* taksitə düşən alışın ümumi yekun məbləği;

* gecikmə zamanı tətbiq olunan faiz, cərimə və digər ödənişlər;

* güzəşt müddətinin olub-olmaması və hansı əməliyyatlara şamil edilməsi;

* nağdlaşdırma və digər əməliyyatlar üzrə əlavə haqlar;

* taksitlərin vaxtından əvvəl bağlanması zamanı tətbiq olunan şərtlər;

* minimum ödəniş tələbi və onun borcun ümumi məbləğinə təsiri.

Həmçinin kartın istifadə şərtləri və tarif cədvəli də diqqətlə oxunulmalıdır”.

“Sağlam yanaşma kart limitindən maksimum istifadə etmək deyil, yalnız real ehtiyac və geri ödəmə imkanları çərçivəsində istifadə etməkdir. İstehlakçı özünə sadə bir sual verə bilər: “Gələn aylarda gəlirim dəyişməsə belə, bu ödənişi rahatlıqla edə biləcəyəmmi?” Cavab tam əminlik yaratmırsa, həmin alışın təxirə salınması və ya daha aşağı məbləğdə alış seçilməsi daha təhlükəsiz yanaşmadır.

Nəticə etibarilə, taksit kartı düzgün idarə edildikdə büdcə planlaşdırılması üçün faydalı maliyyə alətinə çevrilə bilər. Lakin kartın imkanlarını şəxsi maliyyə imkanlarından üstün tutmaq, şərtləri oxumamaq və ödənişləri nəzarətsiz şəkildə artırmaq əlavə xərc və borclanma riskini yüksəldə bilər” – deyə X.Məmmədli əlavə edib.