Sony üçüncü maliyyə rübündə xalis mənfəətini 2,7% artırıb | Banco.az

Sony üçüncü maliyyə rübündə xalis mənfəətini 2,7% artırıb

Müəllif - Eldar Kərimov/ Banco.az

Yaponiyanın Sony Corp. 2024-cü maliyyə ilinin üçüncü rübündə oyun və musiqi biznesində yaxşı nəticələr sayəsində xalis mənfəətini 2,7% artırıb.

Şirkətin mətbuat açıqlamasına görə, oktyabr-dekabr aylarında xalis mənfəət 373,739 milyard yen (2,42 milyard dollar) təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 363,918 milyard yen olub.

Gəlir 18% artaraq 4,41 trilyon yenə çatıb.

Visible Alpha analitiklərinin proqnozlarına əsasən, Sony-nin mənfəətinin 290,5 milyard yen olacağı və gəlirin isə 1,6% azalacağı gözlənilirdi.

Şirkətin əməliyyat mənfəəti ötən maliyyə rübündə 1,3% artaraq 469,33 milyard yenə çatıb. Bu göstəricilər arasında oyun biznesinin mənfəəti 31,9% artaraq 118,1 milyard yen, musiqi sektorunun mənfəəti isə 21,3% artaraq 97,4 milyard yen olub. Digər tərəfdən, sensor həlləri bölməsinin mənfəəti 2,2% azalaraq 97,5 milyard yenə, kinobiznesin mənfəəti isə 7,6% azalaraq 34 milyard yenə düşüb.

Sony cari maliyyə ili üçün proqnozlarını yaxşılaşdırıb. 2025-ci ilin martında başa çatacaq maliyyə ili üçün xalis mənfəətin 11,3% artaraq 1,08 trilyon yen, gəlirin isə 1,4% artaraq 13,2 trilyon yen olacağı gözlənilir. Daha əvvəl bu göstəricilərin müvafiq olaraq 980 milyard yen və 12,71 trilyon yen olacağı proqnozlaşdırılırdı. Əməliyyat mənfəəti proqnozu da artırılaraq 1,335 trilyon yenə (ötən illə müqayisədə 10,4% artım) çatdırılıb.

Sony-nin səhmlərinin dəyəri cümə axşamı ticarət sessiyasının sonunda 1,1% artıb. Son üç ayda şirkətin bazar dəyəri 18,5% artaraq 20,6 trilyon yenə çatıb, bu müddət ərzində isə Nikkei 225 fond indeksi cəmi 2,4% yüksəlib.