Bir siyirmə qalstukdan 8 milyard dollarlıq biznesə – Ralf Lorenin hekayəsi | Banco.az

Bir siyirmə qalstukdan 8 milyard dollarlıq biznesə – Ralf Lorenin hekayəsi

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Dünyanın tanınmış moda brendlərindən biri olan Ralph Laurenin yaranma tarixi kiçik bir biznes ideyasına əsaslanır. 1967-ci ildə Nyu-Yorkda bir ofis siyirməsində saxlanılan qalstuklarla başlayan bu təşəbbüs sonradan geyim, ayaqqabı, aksesuar, ətir, ev əşyaları və restoran biznesini əhatə edən qlobal şirkətə çevrilib. Brendin qurucusu Ralf Loren (Ralph Lauren) moda sənayesində yalnız məhsulları ilə deyil, müəyyən həyat tərzini və zövqü kommersiya dəyərinə çevirməsi ilə də fərqlənib.

Bu gün Ralf Loren adı premium moda və lüks istehlak bazarının tanınmış simalarından biridir. Şirkətin hekayəsi isə böyük kapital və geniş istehsal imkanlarından deyil, bazarda fərqli məhsul təklif etmək istəyindən başlayıb.

İlk addımlarını Nyu-Yorkda atdı

Ralf Loren 14 oktyabr 1939-cu ildə ABŞ-ın Nyu-York şəhərinin Bronks rayonunda anadan olub. Əsl soyadı Lifshitz olan Loren mühacir ailəsində böyüyüb. Gənclik illərindən geyimə və klassik üsluba maraq göstərən Lauren gələcək biznesinin əsasını məhz bu maraq üzərində qurub.

O, Baruch Kollecində biznes təhsili alsa da, universiteti bitirmədən ABŞ ordusunda xidmətə yollanıb. Hərbi xidmətdən sonra geyim sektorunda çalışmağa başlayan Loren müxtəlif şirkətlərdə satış və ticarət təcrübəsi qazanıb. O, bir müddət “Brooks Brothers” mağazasında, daha sonra isə qalstuk satışı ilə məşğul olan müəssisələrdə çalışıb. Bu təcrübə ona kişi geyimləri bazarını, istehlakçıların seçimlərini və satış mexanizmlərini yaxından öyrənmək imkanı verib. Eyni zamanda, bazarda mövcud olan məhsullarla bağlı öz fərqli yanaşması formalaşıb.

Həmin dövrdə kişilər arasında daha çox dar qalstuklar dəbdə idi. Loren isə daha enli, fərqli naxışlara və keyfiyyətli parçalara malik qalstukların bazarda maraq doğura biləcəyini düşünürdü. Onun fikrincə, kişi geyimləri daha ifadəli, zövqlü və fərqli ola bilərdi. Bu ideyanı reallaşdırmaq qərarı isə onun sahibkarlıq fəaliyyətinin başlanğıcına çevrildi.

Biznes bir siyirmə qalstukla başladı

1967-ci ildə Ralf Loren öz qalstuk kolleksiyasını "Polo" adı altında təqdim etdi. İlk məhsullar adi qalstuklardan fərqli olaraq daha enli forması, keyfiyyətli parçaları və seçilən dizaynı ilə diqqət çəkirdi. Laurenin əsas məqsədi sadəcə yeni qalstuk istehsal etmək deyil, kişi geyimlərinə fərqli üslub gətirmək idi.

İlk fəaliyyət dövründə onun ofisi Nyu-Yorkdakı “Empire State Building” binasında yerləşirdi. Loren məhsullarını kiçik bir siyirmədə saxlayır, sifarişləri özü qəbul edir və satış prosesində şəxsən iştirak edirdi. Biznesin ilkin mərhələsində resursları məhdud olsa da, məhsulun dizaynına və keyfiyyətinə xüsusi diqqət yetirirdi.

İlk kolleksiyaya mağazaların maraq göstərməsi biznesin genişlənməsi üçün imkan yaratdı. Laurenin məhsullarına tələbat artdıqca fəaliyyətini yalnız qalstuk istehsalı ilə məhdudlaşdırmamaq qərarına gəldi. Beləliklə, ilkin olaraq bir məhsul üzərində qurulan biznes daha geniş geyim kolleksiyasına çevrilməyə başladı.

Bir məhsuldan bütöv geyim kolleksiyasına

 

1968-ci ildə Loren ilk tam kişi geyim kolleksiyasını təqdim etdi. Buraya kostyumlar, köynəklər və idman üslublu geyimlər daxil idi. Bu mərhələdə onun biznes strategiyasının əsas xüsusiyyəti diqqət çəkirdi: məhsulları ayrı-ayrılıqda deyil, vahid üslubun tərkib hissələri kimi təqdim etmək.

Məsələn, qalstukun dizaynına uyğun köynək, həmin köynəklə uyğunlaşdırılan pencək və digər geyimlər eyni kolleksiyada birləşdirilirdi. Bu yanaşma müştərilərə bir-birindən asılı olmayan məhsullar deyil, bütöv geyim konsepsiyası təklif edirdi.

1970-ci ildə Nyu-Yorkun məşhur “Bloomingdale's” mağazası Ralf Lorenə öz daxilində ayrıca satış sahəsi ayırdı. Bu, həmin mağazada yalnız bir dizaynerə həsr olunmuş ilk butik idi. Loren satış sahəsinin dizaynına da şəxsən nəzarət edirdi. Onun üçün məhsulların keyfiyyəti qədər mağazanın atmosferi, təqdimat forması və müştərinin alış zamanı yaşadığı təəssürat da əhəmiyyətli idi.

1971-ci ildə isə Beverli-Hillzdə ilk müstəqil “Raph Lauren” mağazası açıldı. Həmin dövrdə şirkət artıq təkcə qalstuk istehsalçısı deyil, genişlənən moda biznesi kimi fəaliyyət göstərirdi.

Polo köynəyi brendin simvoluna çevrildi

Ralf Lorenin biznes tarixində ən mühüm mərhələlərdən biri 1972-ci ildə baş verdi. Həmin il şirkət üzərində atlı polo oyunçusunun təsviri olan məşhur “Polo” köynəyini təqdim etdi. İlk kolleksiya 24 fərqli rəngdə hazırlanmışdı. Məhsul rahatlığı, keyfiyyəti və fərqli dizaynı ilə qısa müddətdə geniş maraq qazandı. Atlı oyunçu təsviri isə zamanla brendin ən tanınan simvollarından birinə çevrildi. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Loren yalnız geyim istehsal etmirdi. O, məhsullar vasitəsilə müəyyən sosial və estetik təsəvvür formalaşdırırdı. “Polo” köynəyi idman, klassik geyim və gündəlik rahatlığı bir araya gətirən məhsul kimi təqdim olunurdu.

Bu yanaşma brendin daha geniş istehlakçı kütləsinə çıxmasına kömək etdi. Eyni zamanda, şirkət bir məhsulun populyarlığından istifadə edərək digər geyim kateqoriyalarının satışını da inkişaf etdirmək imkanı qazandı.

Hollivud və marketinq strategiyası

Ralf Lorenin böyüməsində marketinq və brend imicinin formalaşdırılması xüsusi rol oynayıb. 1974-cü ildə şirkətin geyimləri "The Great Gatsby" filminin ekranlaşdırılmasında istifadə edildi. Film üçün hazırlanan geyimlər Ralf Lorenin klassik Amerika üslubunun daha geniş auditoriyaya tanıdılmasına kömək etdi. Bu əməkdaşlıq brendin yalnız mağazalar vasitəsilə deyil, kino və populyar mədəniyyət üzərindən də tanınmasına şərait yaratdı. Loren reklam və təqdimatlarında müəyyən həyat tərzini ön plana çıxarırdı. Onun kolleksiyalarında klassik Amerika üslubu, idman, kənd həyatı, səyahət və aristokratik estetika elementləri birləşdirilirdi.

Beləliklə, müştəri yalnız köynək, kostyum və ya çanta almır, eyni zamanda brendin təmsil etdiyi üsluba sahib olduğunu hiss edirdi. Bu, şirkətin uzunmüddətli marketinq strategiyasının əsas xüsusiyyətlərindən birinə çevrildi.

Geyimdən ev əşyalarına və həyat tərzi məhsullarına

1970-ci illərdən etibarən Ralf Loren biznesini yeni istiqamətlərdə genişləndirməyə başladı. 1971-ci ildə qadın geyimləri kolleksiyasını təqdim edən şirkət sonrakı illərdə uşaq geyimləri, ayaqqabılar, çantalar, aksesuarlar və digər məhsul kateqoriyalarına daxil oldu.

1983-cü ildə “Ralph Lauren Home” kolleksiyası təqdim edildi. Bununla şirkət geyim sektorundan kənara çıxaraq ev tekstili, yataq dəstləri, mebel və interyer məhsulları bazarına da daxil oldu. Bu addım brendin fəaliyyət istiqamətini əhəmiyyətli dərəcədə genişləndirdi.

Sonrakı illərdə müxtəlif məhsul xətlərinin yaradılması şirkətin bazar mövqeyini daha da gücləndirdi. 1993-cü ildə Double RL, 1990-cı illərin ortalarında isə daha yüksək səviyyəli kişi geyimlərini əhatə edən “Purple Label” kolleksiyası təqdim edildi.

Şirkət 1999-cu ildə Çikaqoda “RL Restaurant” adlı ilk restoranını açaraq qonaqpərvərlik sektoruna da daxil oldu. Beləliklə, Ralf Loren özünü yalnız moda şirkəti kimi deyil, geyimdən ev dizaynına, ətirlərdən restoranlara qədər müxtəlif sahələri əhatə edən həyat tərzi brendi kimi mövqeləndirdi.

Bir milyard dollarlıq satışdan birjaya

Şirkətin genişlənməsi maliyyə göstəricilərində də özünü göstərdi. Ralf Lorenin rəsmi tarixçəsinə görə, şirkət 1997-ci ildə satışlarının 1 milyard dollar həddini keçməsindən sonra birjada açıq səhmdar cəmiyyətə çevrildi.

Həmin il iyunun 11-də şirkətin ilkin kütləvi səhm təklifi (IPO) həyata keçirildi və səhmləri Nyu-York Fond Birjasında “RL” simvolu ilə ticarət olunmağa başladı. Bu mərhələ şirkətin kiçik biznesdən beynəlxalq miqyaslı korporasiyaya çevrilməsinin mühüm göstəricisi idi.

Bununla yanaşı, şirkətin inkişaf strategiyasında beynəlxalq bazarlara çıxış və müxtəlif satış kanallarının yaradılması mühüm yer tutdu. Ralf Loren öz məhsullarını həm müstəqil mağazaları, həm böyük pərakəndə satış şəbəkələri, həm də tərəfdaş şirkətlər vasitəsilə müxtəlif ölkələrdə təqdim etməyə başladı.

Bu gün 8 milyard dollardan çox gəlir əldə edən şirkət

Ralf Loren hazırda kişi, qadın və uşaq geyimləri, ayaqqabı, çanta, aksesuar, ətir, ev məhsulları və qonaqpərvərlik xidmətlərini əhatə edən beynəlxalq şirkətdir.

Şirkətin 2026-cı maliyyə ili üzrə hesabatına əsasən, 28 mart 2026-cı ildə başa çatan maliyyə ilində xalis satışları 8,115 milyard dollar təşkil edib. Müqayisə üçün, 2025-ci maliyyə ilində bu göstərici 7,079 milyard dollar olub. Beləliklə, şirkətin illik satışları bir il ərzində 14,6 faiz artıb. Xalis mənfəət isə 941,1 milyon dollara çatıb. Bu, əvvəlki maliyyə ilində qeydə alınan 742,9 milyon dollarla müqayisədə 26,7 faiz artım deməkdir.

Şirkətin biznes modeli üç əsas istiqamətə əsaslanır: pərakəndə satış, topdansatış və lisenziyalaşdırma. Ralf Loren öz mağazaları və rəqəmsal platformaları vasitəsilə birbaşa müştərilərə satış həyata keçirir. Bununla yanaşı, məhsullarını böyük mağazalar və digər satış tərəfdaşları vasitəsilə də bazara çıxarır. Müəyyən ölkələrdə isə tərəfdaş şirkətlər “Ralph Lauren” brendi altında fəaliyyət göstərmək üçün lisenziya əldə edirlər.

2026-cı maliyyə ilinin sonuna şirkətin Şimali Amerika, Avropa və Asiya üzrə ümumilikdə 594 müstəqil mağazası, eləcə də 644 mağazadaxili satış sahəsi fəaliyyət göstərib. Şirkətin gəlirlərinin təxminən 59 faizi ABŞ-dan kənar bazarların payına düşüb. Bu göstəricilər Ralf Lorenin artıq yalnız Amerika bazarına bağlı olmayan qlobal biznesə çevrildiyini göstərir. Şirkətin idarəetməsində də mühüm dəyişiklik baş verib. Ralph Lauren 2015-ci ildən etibarən icraçı sədr və baş kreativ direktor vəzifələrini tutur. 2017-ci ildən şirkətin prezidenti və baş icraçı direktoru vəzifəsini Patris Luvet icra edir. Bununla belə, Loren ailəsi şirkətdə nəzarət mövqeyini qoruyub.

Uğurun arxasındakı əsas biznes strategiyası

Ralf Lorenin biznes hekayəsində diqqət çəkən əsas məqam onun ilkin məhsulunu zamanla bütöv bir brend konsepsiyasına çevirməsidir. Şirkət əvvəlcə bazarda fərqli qalstuk təklif etməklə tanınmağa başladı. Daha sonra həmin məhsulun ətrafında kişi geyimləri, qadın kolleksiyaları, aksesuarlar və digər istiqamətlər formalaşdırıldı.

Digər mühüm məqam məhsul keyfiyyəti ilə yanaşı, brend imicinə davamlı investisiya qoyulması idi. Lauren reklam, mağaza dizaynı, kino əməkdaşlıqları və kolleksiya təqdimatları vasitəsilə müştərilərin yaddaşında vahid üslub yaratmağa çalışdı. Şirkətin beynəlxalq bazarlara çıxması və lisenziyalaşdırma modelindən istifadə etməsi isə biznesin coğrafi baxımdan genişlənməsinə imkan verdi.

Ralf Lorenin hekayəsi göstərir ki, böyük biznesin başlanğıcı hər zaman geniş istehsal gücü və böyük kapital olmur. Bəzən bazarda mövcud məhsula fərqli yanaşma, düzgün mövqeləndirmə və uzunmüddətli brend strategiyası kiçik təşəbbüsü qlobal şirkətə çevirə bilir.