Müəllif:Mehin Qasımova,Banco.az
Vladimir Putin Yaxın Şərqdə artan gərginlik fonunda enerji bazarındakı vəziyyətə münasibət bildirib və Rusiyanın Avropa ilə enerji əməkdaşlığını bərpa etməyə hazır olduğunu açıqlayıb.
Banco.az xəbər verir ki, Rusiya prezidenti hökumət rəsmiləri ilə keçirdiyi görüşdə enerji sektorundakı baş verənləri şərh edib. O bildirib ki, Hörmüz boğazının bağlanması regionda neft hasilatını ciddi şəkildə təsirləndirə və hətta tamamilə dayandıra bilər.
Putin qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr səbəbindən son bir həftə ərzində neft qiymətləri təxminən 30 faiz artıb. Bununla belə, o vurğulayıb ki, hazırkı yüksək qiymətlər uzunmüddətli deyil: “Hazırkı yüksək əmtəə qiymətlərinin tamamilə müvəqqəti olduğunu anlamaq lazımdır. Bu, çox aydındır”.
Rusiya lideri əlavə edib ki, ölkənin enerji şirkətləri mövcud yüksək qiymətlərdən maksimum faydalanmalıdır.
Vladimir Putin həmçinin bildirib ki, Avropa ölkələri Rusiya təbii qazının idxalını tamamilə dayandırmağı planlaşdırır. O qeyd edib ki, Moskva da istəsə, Avropaya qaz tədarükünü əvvəlcədən dayandıra bilər.
Putin Rusiyanın etibarlı tərəfdaşlarına enerji təchizatını davam etdirdiyini vurğulayaraq bildirib: “Əgər avropalılar bizə uzunmüddətli, davamlı və siyasi cəhətdən müstəqil tərəfdaşlıq təklif etmək qərarına gəlsələr, onlarla işləməyə hazırıq”.
Rusiya prezidenti əlavə edib ki, belə əməkdaşlığın bərpası üçün Avropa tərəfinin siyasi iradə nümayiş etdirməsi və Moskvaya müvafiq “siqnal” göndərməsi lazımdır.
