Problemli kreditlər artır – Səbəblər nələrdir? | Banco.az

Problemli kreditlər artır – Səbəblər nələrdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin aprelin 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 619.6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 10,2%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 28,7% artıb.

Aprel ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.9% təşkil edib.

Vaxtı keçmiş kreditlərin məbləği ardıcıl 3 aydır ki, artır. Buna səbəb nədir?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Banco.az-a açıqlamasında bildirib ki, martda problemli kreditlərin 620 milyon manata qalxması tək bir səbəblə izah olunmur, bir neçə amil üst-üstə düşüb:

"Birincisi, mövsümi faktor var. Qış aylarından sonra martda banklar portfel təmizləməsi aparır. İlin əvvəlində restrukturizasiya və güzəştlə saxlanılan, amma real ödənişi olmayan kreditləri “vaxtı keçmiş” kateqoriyasına keçirirlər. Fevralda banklar hesabatları bağlamaq üçün bəzi borcları texniki olaraq saxlayır, martda isə artıq Mərkəzi Bankın tələblərinə görə onları problemli kimi göstərməyə məcbur olurlar. Yəni borc martda yaranmır, sadəcə martda rəsmiləşir.

İkincisi, faizlərin təsiri özünü göstərir. 2024-2025-ci illərdə kredit faizləri yüksək idi. 18-25 faizlə götürülən istehlak və biznes kreditlərinin qaytarılması çətinləşib. Xüsusən kiçik ticarətlə məşğul olanlar, taksi və çatdırılma işində olanlar gəlirlərinin azalması fonunda aylıq ödənişləri çatdıra bilmir. İki-üç ay gecikmə yığılanda kredit avtomatik problemliyə düşür.

Üçüncüsü, real gəlirlər inflyasiyaya uyğun artmır. Ərzaq, kirayə, kommunal, yanacaq bahalaşıb, amma əhalinin əksəriyyətinin maaşı "yerində sayır". Ailə büdcəsində ilk kəsilən məcburi olmayan ödənişlər olur, kredit də onların içindədir. Mart ayında Novruz xərcləri, məktəblilərin geyimi, mövsümi xərclər də əlavə olunanda borcunu verə bilməyənlərin sayı artır.

Dördüncüsü, mikro və kiçik sahibkarlıqda çətinliklər var. Yanvar-fevral ayları ticarətdə ölü mövsümdür. Satış az olur, amma icarə, vergi, kredit ödənişi dayanmır. İki ay dövriyyəsiz qalan dükan, kafe, sex martda artıq ödənişi gecikdirir. Banklar da 90 gün gecikmədən sonra krediti problemli sayır. Mart məhz həmin 90 günün tamamlandığı aydır.

Beşincisi, banklar özləri də kredit verəndə daha ehtiyatlı olublar. Yaxşı müştəriyə az veriblər, riskli müştəridən isə yüksək faizlə götürməyə çalışıblar. Nəticədə portfeldə keyfiyyət pisləşib. Bir dəfə gecikmə olan müştəriyə yenidən kredit verib köhnə borcu bağlamaq praktikası azalıb. Əvvəl bank “batmış” müştərini yeni borcla xilas edirdi, indi Mərkəzi Bank bunu məhdudlaşdırıb. Ona görə də əvvəllər gizlənən problemli borclar indi üzə çıxır.

İqtisadçı bildirib ki, problemli kreditlərin ümumi kredit portfelindəki çəkisi hələ kritik hədd deyil, beynəlxalq praktikada 5 faizdən yuxarı təhlükəli sayılır: "Amma artım tempi narahat edir. Bir ayda 58 milyon artım, yəni problemli kreditlərin məbləği 10 faizdən çox yüksəlib. Əgər aprel-mayda da bu temp davam etsə, banklar ehtiyat ayırmalarını artıracaq, bu da yeni kreditlərin baha və az olmasına gətirəcək.

Qısası, martdakı artım həm texniki-hesabat səbəbindən, həm yüksək faizlərin və inflyasiyanın əhalini sıxmasından, həm də kiçik biznesdəki durğunluqdan qaynaqlanır. Hələlik sistem üçün təhlükə yoxdur, amma siqnaldır ki, ödəmə qabiliyyəti pisləşir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram