“Porsche” satışları son 16 ilin ən böyük azalmasını yaşayıb | Banco.az

“Porsche” satışları son 16 ilin ən böyük azalmasını yaşayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Elektrikli nəqliyyat vasitələrinə qlobal tələbatın azalması və xüsusilə Çindən sifarişlərin zəifləməsi Porsche- nin satış göstəricilərinə ciddi təsir edib.

Banco.az xəbər verir ki, şirkətin açıqlamasına görə, ötən il Porsche-nin avtomobil tədarükləri 10 faiz azalıb. Bu, qlobal maliyyə böhranının bazarları sarsıtdığı 2009-cu ildən bəri qeydə alınan ən kəskin azalma olub.

"Volkswagen" qrupuna daxil olan lüks avtomobil istehsalçısı 2025-ci ildə ümumilikdə 279 min 449 avtomobil tədarük edib. Satışlardakı geriləməyə əsasən Çin və Almaniya bazarlarında müşahidə olunan zəiflik səbəb olub. Şirkət eyni zamanda bildirib ki, 718 seriyalı idman avtomobilləri və Macan SUV modelinin daxili yanma mühərriki ilə təchiz olunan versiyalarında yaranan “təchizat çatışmazlığı” satış həcmlərini məhdudlaşdırıb.

“Porsche” ötən il bir sıra çətinliklərlə üzləşib. Bunlara mənfəət marjasına mənfi təsir göstərən iddialı elektrikli avtomobil satış strategiyasının təxirə salınması, eləcə də ABŞ-da tətbiq edilən tariflərin gəlirlərə mənfi təsiri daxildir. Şirkətin səhmləri zəif göstəricilər fonunda Almaniyanın əsas birja göstəricisi olan DAX indeksindən də çıxarılıb.

Buna baxmayaraq, "Porsche" rəhbərliyi çətin dövrdən sonra inkişaf vəd edir. Şirkət 2025-ci il üçün proqnozlarını artıq dörd dəfə aşağı salıb.