Müəllif: Gülnar Əhmədli, Banco.az
"2026-cı ilin avqust-sentyabr aylarında yeni dərs ilinin başlanması və yeni qəbul olunmuş tələbələrin kirayə mənzillə təmin olunmaq üçün Bakıya üz tutması da kirayə bazarına təsir göstərir".
Bunu əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Banco.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yay aylarında Bakıda yaşayan tələbələrin bir hissəsi istirahət üçün bölgələrə gedir və həmin dövrdə çoxu kirayə mənzilləri boşaldırlar: "Yeni dərs ilinin başlanması ilə onlar yenidən kirayə bazarına qayıdırlar. Bununla yanaşı, bölgələrdən və digər şəhərlərdən Bakıya təhsil almağa gələn yeni tələbələr də kirayə mənzil axtarmağa başlayırlar. Bu isə avqust-sentyabr aylarında kirayə bazarında hər il olduğu kimi canlanma yaradır.
Digər tərəfdən, əvvəlki illərlə müqayisədə kirayə tələbatı artsa da, təklif daha azdır. Məsələn, əvvəllər gündəlik kirayə mənzil bazarına 35-40 mənzil çıxarılırdısa, bu gün bu say bəlkə də 8-10-u keçmir və birrəqəmli olaraq qalır. Bu da göstərir ki, kirayə mənzil bazarında hər il təklif azalsa da, tələb daha da artır.
Bütün universitetlərin və ali məktəblərin Bakı şəhərində yerləşməsi və hər il çox sayda tələbənin Bakıda mənzillə təmin edilməsinə ehtiyac yaranması kirayə mənzil bazarında tələbatı artırır".

Ekspert bildirib ki, bunun süni yolla qarşısını almaq mümkün deyil: "Çox yaxşı olardı ki, ali məktəblər öz tələbə evlərini tikərək onları simvolik rəqəmlərlə tələbələrə versələr, heç olmasa həm tələbələr üçün rahat olar, həm də əmlak bazarı bir qədər rahatlanmış olar.
Digər tərəfdən, əvvəllər bir otaqlı evdə ən pis halda iki nəfər tələbə yaşayırdısa, indi qiymətlərin baha olması səbəbindən tələbələr bu kirayə pulunu tək və ya iki nəfər ödəyə bilmədikləri üçün məcbur qalaraq 3-4 nəfər bir otaqlı evdə yaşayırlar. Maddi imkanları buna çatmadığı üçün həyat şəraiti pis olsa da, kirayə pulunu 3-4 nəfər arasında bölmək məcburiyyətində qalırlar.
Həmçinin, tələbələr çox hallarda şişirdilmiş qiymətlərlə evlər götürürlər. Xüsusilə oğlan tələbələrə hər əmlak sahibi ev vermir və onların ev tapması çox çətindir. Buna görə də qiymət baha olsa belə, çox hallarda məcbur qalaraq tapdıqları kirayə mənzili götürürlər".
Ekspertin sözlərinə görə, kirayə mənzillərin az olması və hər əmlak sahibinin tələbələrə ev verməməsi də qiymətlərin yüksəlməsinə təsir edir: "Bəzi hallarda əmlak sahibləri tələbələrin daha çox olduğunu nəzərə alaraq eyni evdə 5-6 nəfərin qalmasına razı olur və daha çox gəlir əldə etmək üçün mənzilləri bazar qiymətindən yuxarı qiymətə kirayə verirlər.
Konkret olaraq, bu il yeni dərs ilinin başlaması ilə əlaqədar avqust və sentyabr aylarında tələbələrin yenidən kirayə mənzil bazarına üz tutması tələbatı artırır. Bu tələbatın artması nəticəsində qiymətlərin yüksəlməsi qaçılmaz olur".
Bizi sosial şəbəkələrdən izləyin!!
