Azərbaycanda orta aylıq əməkhaqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardakı artım pensiyalarin indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımdan da vacibdir.
İqtisadçı deputat Vüqar Bayramov deyib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.
“İlkin gözləntilərə əsasən, 2025-ci ildə orta aylıq əməkhaqqının artımı 9.2 faiz təşkil edir. Yəni bu halda pensiyaların 9.2 faiz artacağı gözlənilir. Bununla belə, daha dəqiq göstərici fevral ayının əvvəlində rəsmi olaraq elan olunacaq.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.
Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır”.
V.Bayramov deyib ki, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əməkhaqqındakı artım faizinə uyğun həyata keçiriləcək.
