Müəllif:Mehin Qasımova,Banco.az
Çində süni intellekt və yarımkeçirici sənayesində artan rəqabət texnologiya şirkətlərini işçilərini saxlamaq üçün daha böyük təşviqlər tətbiq etməyə vadar edir. Xüsusilə təcrübəli mühəndislər uğrunda mübarizənin güclənməsi şirkətləri əməkdaşlarına yüksək maaş və bonuslarla yanaşı, şirkət səhmləri də təklif etməyə sövq edir.
Banco.az xəbər verir ki, Çinin süni intellekt çipləri istehsalçısı Cambricon Technologies işçilərini şirkətdə saxlamaq məqsədilə genişmiqyaslı səhm təşviqi proqramı başladıb. Proqram şirkətin əməkdaşlarının 85,3 faizini, yəni 944 işçini əhatə edir. 2028-ci ilə qədər davam etməsi nəzərdə tutulan proqram çərçivəsində əməkdaşlara ümumilikdə 5 milyon şirkət səhmi ayrılıb.
Şirkətin 124 əsas əməkdaşı üçün nəzərdə tutulan səhmlərin orta bazar dəyərinin 5,57 milyon yuan, başqa sözlə, adambaşına təxminən 828 min dollar olduğu bildirilir. Lakin bu məbləğ işçilərə veriləcək nağd pul deyil. Söhbət müəyyən şərtlər yerinə yetirildikdə əməkdaşların əldə edəcəyi səhmlərin bazar dəyərindən gedir.
Səhmlərin işçilərin tam mülkiyyətinə keçməsi onların şirkətdə qalması və müəyyən edilmiş fəaliyyət göstəricilərinə çatmasından asılı olacaq. Beləliklə, şirkət əməkdaşları yalnız əməkhaqqı və bonuslarla deyil, həm də şirkətin gələcək dəyər artımından pay verməklə uzunmüddətli əməkdaşlığa təşviq edir.
Cambricon bu strategiyadan istifadə edən yeganə şirkət deyil. Çip istehsalı avadanlıqları hazırlayan AMEC-in də əməkdaşlarının 97 faizindən çoxunu əhatə edən səhm təşviqi proqramına malik olduğu bildirilir. Zhongji InnoLight isə 99 əsas işçisinə ümumilikdə 2,48 milyon səhm ayırıb.
Çində süni intellekt və yarımkeçirici sektorlarının sürətli inkişafı şirkətlər arasında ixtisaslı və təcrübəli mühəndislər uğrunda rəqabəti daha da gücləndirib. Nəticədə səhm paketləri, yüksək maaşlar və performans bonusları texnologiya şirkətlərinin əsas kadrları cəlb etmək və saxlamaq üçün istifadə etdiyi başlıca vasitələrə çevrilir.
Mütəxəssislərin rəqib şirkətlərə keçməsinin qarşısını almaq istəyən bəzi texnologiya şirkətləri isə bununla kifayətlənməyərək əməkdaşlara əhəmiyyətli maaş artımları və əlavə bonuslar təklif edirlər. Bu tendensiya Çinin sürətlə böyüyən süni intellekt və çip sənayesində istedad uğrunda mübarizənin getdikcə sərtləşdiyini göstərir.
