Ekologiya insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Hər il insanlar müharibələrdən daha çox çirkli sular səbəbindən ölürlər. Dünyanın 70%-i su ilə əhatə olunsa da, onun sadəcə 2.5%-i təmiz sudur. Avropa Birliyinin su hövzələrinin 38%-i kənd təsərrüfatı tullantılarından çirklənmişdir. Missisipi çayı vasitəsilə hər il Meksika körfəzinə 1.5 milyon ton tullantı axıdılır. Dünya Sağlamlıq Təşkilatının verdiyi məlumatlara əsasən dünya əhalisinin 2 milyardı təhlükəli xəstəliklər yarada biləcək çirkli sulardan istifadə edirlər.
Hər il 7 milyon insan hava çirklənməsindən dünyasını dəyişir. Bu ölüm hadisələrinin 92%-i aşağı və orta gəlirli ölkələrdə baş verir. Ağciyər xərçəngi, infarkt, ürək və bu kimi xəstəliklərdən ölənlərin 25-30%-i hava çirklənməsi səbəbindən dünyasını dəyişir.
Ötən il Azərbaycanda 1122 min ton havaya çirkləndirici maddə atılmışdır ki, onun 950 min tonu avtomobil nəqliyyatından atılan maddələrdir. Qara metal tullantıları 468.8 min ton olubsa, onun 467.4 min tonu təkrar istifadə olunub və satılıb. Azərbaycanın bu sahəyə verdiyi diqqət özünü rəqəmlərdə də göstərir. Belə ki, ölkəmiz 2018-ci ildə ətraf mühitin qorunmasına çəkilən xərcləri əvvəlki ilə nisbətən 70% artıraraq 319 256 min manat edib. Bunun 47 896 min manatı ətraf mühitin mühafizəsi tədbirlərinin keçirilməsinə sərf olunmuşdur.
Dünya üzrə göstəricilərə baxdıqda 180 ölkə arasında ekologiyası daha təmiz olan ölkələr İsveçrə, Fransa, Danimarkadır. Ən çirkli ölkələr isə Banqladeş və Burundidir. Ölkəmiz isə ekoloji cəhətdən təmizliyinə görə 59-cu yerdə duraraq, Rusiya istisna, digər qonşu ölkələrdən öndədir.
№ | Ölkələr | Ekoloji göstərici |
1 | İsveçrə | 87.42 |
2 | Fransa | 83.95 |
3 | Danimarka | 81.60 |
4 | Malta | 80.90 |
5 | İsveç | 80.51 |
6 | Birləşmiş Krallıq | 79.89 |
7 | Lüksemburq | 79.12 |
13 | Almaniya | 78.37 |
14 | Norveç | 77.49 |
20 | Yaponiya | 74.69 |
21 | Avstraliya | 74.12 |
25 | Kanada | 72.18 |
26 | Portuqaliya | 71.91 |
27 | ABŞ | 71.19 |
38 | Türkmənistan | 66.10 |
52 | Rusiya | 63.79 |
59 | Azərbaycan | 62.33 |
63 | Ermənistan | 62.07 |
80 | İran | 58.16 |
94 | Gürcüstan | 55.69 |
99 | Qırğızıstan | 54.86 |
108 | Türkiyə | 52.96 |
120 | Çin | 50.74 |
136 | Özbəkistan | 45.88 |
177 | Hindistan | 30.57 |
179 | Banqladeş | 29.56 |
180 | Burundi | 27.43 |
1974-cü ildən bəri hər il iyun ayının 5-i Ümumdünya Ətraf Mühit günü kimi qeyd olunur.
Tərlan Qəhrəmanova, Banco.az