Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın aparıcı müdafiə təchizatçılarından olan "Noble Supply & Logistics" maliyyə çətinlikləri səbəbindən iflas üçün müraciət edib.
Banco.az xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, Noble-un aktivləri 100-500 milyon dollar, öhdəlikləri isə 500 milyon-1 milyard dollar arasında qiymətləndirilir.
Şirkətin maliyyə vəziyyətinin pisləşməsində ABŞ Müdafiə Logistika Agentliyinin (DLA) bir sıra müqavilələri yeniləməməsi və sifarişləri ləğv etməsi mühüm rol oynayıb. Xüsusilə avqustun 27-də DLA taktiki və təhlükəsizlik avadanlıqları da daxil olmaqla xüsusi əməliyyat məhsullarına dair 400 milyon dollarlıq sifarişi ləğv edib.
Bundan əvvəl isə DLA Noble-un ən böyük müqaviləsi olan 1,2 milyard dollarlıq, 10 illik FSG-53 müqaviləsinin yenilənməsini dayandırıb. Şirkət həmçinin digər mühüm müqavilələrin yenilənməməsi ilə üzləşib.
2003-cü ildə yaradılan Noble Supply & Logistics-in 294 əməkdaşı və 19 fəaliyyət məntəqəsi var. Şirkət ABŞ Müdafiə Logistika Agentliyinin beşinci ən böyük təchizatçısı olmaqla yanaşı, Federal Təhqiqatlar Bürosu (FTB) və Dövlət Departamenti ilə də əməkdaşlıq edir.
Şirkət 400 milyon dollarlıq sifarişin ləğvindən apellyasiya şikayəti verməyi planlaşdırır. Rəhbərlik 11-ci fəsil üzrə iflas prosesinin şirkətin fəaliyyətini sabitləşdirmək və aktivlərinin dəyərini qorumaq üçün ən uyğun seçim olduğunu bildirib.
