Bu ölkədə ev heyvanlarının dəfn mərasimlərinə milyonlarla dollar xərclənir | Banco.az

Bu ölkədə ev heyvanlarının dəfn mərasimlərinə milyonlarla dollar xərclənir

Müəllif:Mehin Qasımova,Banco.az

Çində ev heyvanlarının dəfn və vida mərasimlərinə tələbat sürətlə artır. Ev heyvanlarını ailə üzvü hesab edən insanların sayının çoxalması bu sahədə ayrıca xidmət bazarının formalaşmasına səbəb olub.

Banco.az xəbər verir ki, Çində ev heyvanlarının dəfn xidmətləri bazarının həcmi 2022-ci ildə təxminən 10 milyard yuan (1,5 milyard dollar) təşkil edib.

Ölkədə heyvanların dəfn və kremasiyası ilə məşğul olan 43 600 şirkət fəaliyyət göstərir. Təkcə 2022-ci ildə bu sahədə 27 100 yeni şirkət qeydiyyatdan keçib.

Bu xidmətlərə kremasiya, dəfn, xatirə mərasimlərinin təşkili, külün saxlanılması və ev heyvanlarına aid xatirə əşyalarının hazırlanması daxildir.

Xidmətlərin qiyməti isə geniş şəkildə dəyişir. Bəzi mərasimlər 1000 yuandan başlasa da, daha təmtəraqlı dəfn mərasimlərinin qiyməti 10 minlərlə yuana çata bilir. Məsələn, tabutun dörd nəfər tərəfindən daşınması və limuzindən istifadəni əhatə edən fərdiləşdirilmiş mərasim 9880 yuana başa gəlir. Heyvan külünün xüsusi “həyat kristalına” çevrilməsi isə 18 min yuana qədərdir.

Bazarın böyüməsində Çində ev heyvanlarının sayının artması da mühüm rol oynayır. Ötən il ölkənin şəhərlərində təxminən 53 milyon it və 73 milyon pişik qeydiyyata alınıb.

Lakin sürətlə böyüyən sektorda problemlər də qalır. Heyvanların dəfn xidmətlərinə nəzarət edən vahid dövlət qurumunun və ümumi standartların olmaması istehlakçı hüquqlarının qorunmasını çətinləşdirir.

Bəzi hallarda isə xidmət göstərən şirkətlərin heyvanların kremasiyası ilə bağlı öhdəliklərini düzgün yerinə yetirməməsi ciddi narazılıqlara səbəb olur.

Buna baxmayaraq, Çində ev heyvanlarına münasibətin dəyişməsi və sahiblərin onların ölümündən sonra belə xüsusi xidmətlərə pul xərcləməyə hazır olması bu bazarın gələcəkdə daha da böyüyə biləcəyini göstərir.