Namibiyada 6 kilometr uzunluğunda qızıl yatağı aşkar edilib | Banco.az

Namibiyada 6 kilometr uzunluğunda qızıl yatağı aşkar edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cənub-Qərbi Afrikada yerləşən Namibiyada aparılan mədən işləri zamanı diqqətçəkən kəşf edilib. Kanadada yerləşən Ongwe Minerals şirkətinin Omatjete Qızıl Layihəsi çərçivəsində apardığı səth analizləri zamanı təxminən 6 kilometr uzunluğunda fasiləsiz qızıl yatağı müəyyənləşdirilib.

Banco.az xəbər verir ki, torpaq analizləri zamanı götürülən ilk nümunələrdə yüksək qızıl göstəriciləri aşkarlanıb.

Nəticələrdən sonra yatağın yerin altında nə qədər davam etdiyini müəyyənləşdirmək üçün daha geniş araşdırmaların aparılmasına qərar verilib.

Ongwe Minerals kəşfdən sonra ərazidə 5 min metrlik qazma işləri aparmağı planlaşdırır. İlkin mərhələdə bir qazma qurğusu ilə həyata keçiriləcək işlərin nəticələrinə əsasən layihənin miqyasının genişləndirilməsi nəzərdən keçiriləcək. Qazma nəticələrinin yatağın yeraltı davamlılığı və mümkün ehtiyatları barədə daha ətraflı məlumat verməsi gözlənilir.

Təxminən 3 milyon əhalisi olan Namibiyanın iqtisadiyyatında təbii ehtiyatlar mühüm yer tutur. Ölkə xüsusilə almaz hasilatı ilə tanınır. Omatjete bölgəsindəki qızıl kəşfi isə mədən gəlirlərinin şaxələndirilməsi baxımından yeni potensial yaradır.

Yatağın kommersiya baxımından yararlı olub-olmadığı isə qazma və ətraflı geoloji araşdırmalardan sonra məlum olacaq. Xüsusilə qızılın yerin altında hansı dərinlikdə və sıxlıqda davam etməsi layihənin gələcək taleyi üçün əsas amillərdən olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram