"Mobileye" "Mentee Robotics" şirkətini 900 milyon dollara satın alıb | Banco.az

"Mobileye" "Mentee Robotics" şirkətini 900 milyon dollara satın alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avtonom sürüş texnologiyaları şirkəti “Mobileye” insanabənzər robotlar hazırlayan “Mentee Robotics”i 900 milyon dollara satın alıb.

Banco.az xəbər verir ki, satınalma razılaşması Las-Veqasda keçirilən “Consumer Electronics Show (CES)” sərgisində açıqlanıb.

“Mobileye”nin həmtəsisçisi Amnon Şaşua bildirib: “Bu gün robotika və avtomobil süni intellekti üçün yeni bir səhifə açılır və Mobileye 3.0 dövrü başlayır.” “Intel” şirkətinin əsas səhmdarı olduğu “Mobileye” 2022-ci ildə ABŞ-da IPO həyata keçirib və fəaliyyətini açıq səhmdar cəmiyyəti kimi davam etdirir.

Avtonom sürüş və robot texnologiyaları güclərini birləşdirir

Razılaşmaya əsasən, “Mobileye” “Mentee Robotics”i təxminən 612 milyon dollar nağd və 26,2 milyon ədədə qədər adi səhm qarşılığında satın alacaq. Bu addımla şirkət yalnız avtomobil yönümlü süni intellekt fəaliyyətləri ilə kifayətlənməyərək robotika və fiziki süni intellekt sahəsinə açılmağı hədəfləyir. “Mobileye” avtomobil istehsalçılarını avtomobil təhlükəsizliyi xüsusiyyətləri və inkişaf etmiş sürücüyə dəstək sistemləri üçün nəzərdə tutulmuş milyonlarla kompüter görmə çipi ilə təmin edir.

İnsansı robotlar hazırlayan “Mentee Robotics” “Mobileye” tərkibində müstəqil bölmə kimi fəaliyyətini davam etdirəcək. “Mentee Robotics”in təsisçiləri arasında “Mobileye”nin baş icraçı direktoru Amnon Şaşua da yer alır. Təbii ki, Şaşua’nın hər iki şirkətdə həm beyin mərkəzi, həm də səhmdar kimi iştirak etməsi bu qurumlar arasında çoxsaylı ortaq cəhətlərin olacağını göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram