Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin yanvarın birindən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 %-i qədər deyil, 20 %-i qədər vergi ödəyəcəklər, başqa sözlə, onlar üçün 75 %-lik vergi güzəşti və azadolma tətbiq edilməyəcək.
Banco.az xəbər verir ki, 2024-cü ildə Vergi Məcəlləsinin 102 və 106-cı maddələrinə təklif olunan dəyişikliyə əsasən güzəşt yalnız o sahibkarlara aid olacaq ki, onların azı 3 əməkdaşı olsun və sosial sığorta haqqı sahəsində borcu olmasın.
Mikro sahibkar dedikdə il ərzində gəliri 200 min manatdan və orta aylıq işçi sayı 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. Qərara əsasən fiziki şəxs özü 3 nəfər işçi sayına daxil deyil, özündən əlavə 3 nəfər işçisi olduqda güzəşt hüququ yaranır.
Eyni zamanda hüquqi şəxsin direktoru da işçi hesab olunduğundan, direktordan əlavə 2 nəfər işçi olduqda güzəştdən istifadə hüququ yaranır. Qeyd edək ki, qanun layihəsinə əsasən bu dəyişiklik yalnız gəlir və mənfəət vergisi ödəyicilərinə təsir edə bilər, sadələşdirilmiş verginin ödəyicilərinə - taksi fəaliyyəti ilə məşğul olan şəxslərə , bərbər, dərzi, fotoqraf, saatsaz, pinəçi, toylarda aparıcılıq, musiqiçilik, ofisiantlıq edənlər və s. bu dəyişikliyin təsiri yoxdur.
Dəyişiklik daha çox fərdi qaydada və ya işçi sayları 3 nəfərdən az olmaqla korporativ şəkildə xidmət göstərən şəxslər, "freelancer"lər (IT mütəxəssisləri, dizaynerlər, sərbəst mühasiblər, məsləhət xidməti göstərənlər və s.), yeməklərin çatdırılması şirkətlərinə xidmət göstərən kuryerlər və digər bu qəbildən olan şəxslərə təsir göstərəcək.
Xatırladaq ki, 75 faiz güzəştdən istifadə hüququ 3 nəfər işçi sayı ilə bərabər, həm də məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması ilə də şərtlənir.
Vergi Məcəlləsində edilən bu dəyişikliyin mikro sahibkarlara vuracağı zərər ilə bağlı edilən müzakirələr fonunda qanun layihəsi dəyişiklik üçün Milli Məclisə göndərilsə də, heç bir güzəşt edilmədən təsdiqləndi. Addımın atılmasına əsas kimi bir çox iri şirkətlərin vergidən yayınmaq üçün mikro sahibkarlardan istifadə etdikləri göstərilir.
İqtisadçılar məsələnin ciddi olduğu qənaətindədirlər.
Onlar hesab edirlər ki, güzəştlərdən qısa müddətdə imtina edilməsi kiçik və orta sahibkarlığın sıradan çıxmasına, onların bizneslərini xaricə köçürməsini sürətləndirə bilər. Xüsusən qeyri-neft sektorunun artırılması istiqamətində planların hədəfləndiyi bir dönəmdə belə bir addımların atılması gələcəkdə dövlət büdcəsinin gəlirlərinə zərbə vura bilər.
Bəs vəziyyətdən çıxış yolu varmı?
Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, köhnə vəziyyətə qayıtmaqla vəziyyəti dəyişmək olar:
“Birdəfəlik mikro sahibkarlara güzəştlərin bərpa olunması, bu məsələnin həllinin qanunvericilik şəklində təsbit olunması bu sahənin stimullaşmasına səbəb ola bilər.
Sahibkarların vergiləri aşağı olmalıdır. Qonşu Gürcüstanda bir faiz olan vergi güzəştinin bizdə 20 faizə qaldırılması çox ciddi fəsadlar törədəcək. Çıxış yolu vergi güzəştlərinin qanunvericilik şəklində tətbiq olunması və dəyişməz şəkildə qalmasıdır. Yəni hansısa müvəqqəti xarakter yox, birdəfəlik bu məsələnin həlli təsbit olunmuş şəkildə Vergi Məcəlləsində olmalıdır.
Əvvəl dörd faiz idi. Bu daha doğru sayılırdı. Sonra beş, indi isə 20 faizə qaldırılması mikrosahibkarların vəziyyətini kəskin şəkildə pisləşdirəcək, hətta işsizliyin yaranmasına, bundan başqa, müqaviləsiz çalışanların da sayının artmasına səbəb olacaq. Düşünürəm ki, bu nəticə Azərbaycan iqtisadiyyatı üçün yaxşı bir şey deyil”.
İqtisadçı, millət vəkili Vüqar Bayramov hesab edir ki, bu istiqamətdə vergi mexanizminin növbəti mərhələlərdə təkmilləşdirilməsi daha məqsədəuyğun olar:
“Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə edilən zaman bizim təkliflərimizdən biri də keçid dövründə müəyyən məbləğ intervalının müəyyənləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə 20-30 minlik bir intervalın tətbiqi məsələləri də müzakirə olundu. Amma sonda bu güzəştlərin iş yeri yaradan sahibkarlar üçün nəzərə alınması və şamil olunması qərarlaşdırıldı.
Həm mikro sahibkarlar, həm vergi güzəştlərinə yanaşmanın dəyişməsi, xüsusilə yeni mexanizmin hazırlanması və bunun istehlakla əlaqələndirilməsi daha yaxşı olardı. Düşünürəm ki, bu istiqamətdə müzakirələr davam etdiriləcək. Qeyd edim ki, mövcud qaydalara əsasən 3 və daha çox işçisi olan fiziki şəxslər bu güzəştdən yararlana bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!