Müəllif: Tamara Mustafayeva, Banco.az
Mask 852 milyard dollarla dördüncü ən yüksək xalis sərvət rekorduna çatıb.
Banco.az xəbər verir ki, ABŞ-li kosmik nəqliyyat şirkəti “SpaceX” və elektrikli avtomobil istehsalçısı “Tesla”nın qurucusu İlon Mask sərvəti ilə yenidən gündəmə gəlib. “Forbes” jurnalının məlumatına görə, ABŞ-li iş adamı İlon Maskın “Tesla”, “SpaceX”, sosial media platforması “X”, digər özəl sərmayələri, eləcə də nağd və opsiyon aktivlərini əhatə edən xalis sərvəti 852 milyard dollarla rekord səviyyəyə çatıb. Bununla da İlon Mask sərvəti 800 milyard dolları aşan tarixdə ilk insan olub.
Maskın sərvətindəki bu kəskin artım “xAI” şirkətinin “SpaceX” tərəfindən alınmasından sonra baş verib. ABŞ iş dünyası jurnalı “Forbes” bildirib ki, bu sıçrayış İlon Maskın qurucusu olduğu digər şirkət – “xAI”nin “SpaceX” tərəfindən satın alınması ilə əlaqədardır.
“Forbes”un məlumatına əsasən, birləşmiş şirkətin dəyəri 1,25 trilyon dollar olaraq hesablanıb və bu razılaşma Maskın sərvətinə 84 milyard dollar əlavə edib. Razılaşmadan əvvəl İlon Mask təxminən 800 milyard dollar dəyərində qiymətləndirilən “SpaceX”in 42 faizinə sahib idi və bu payın dəyəri təxminən 336 milyard dollar təşkil edirdi.
Mask eyni zamanda “xAI”nin 49 faizlik payına malik idi və bu payın dəyəri 122 milyard dollar səviyyəsində idi. Birləşmədən sonra Maskın yeni şirkətdəki payının 43 faiz, yəni təxminən 542 milyard dollar olduğu ehtimal edilir. Bu da “SpaceX”i Maskın ən böyük aktivinə çevirib.
Mask son dörd ayda dörd dəfə sərvət rekordu qırıb
“Forbes” vurğulayıb ki, İlon Mask son dörd ay ərzində dörd dəfə sərvət rekordu yeniləyib. Jurnal qeyd edib ki, 2025-ci ilin oktyabrında sərvəti 500 milyard dolları keçən ilk şəxs olan Maskın sərvəti 15 dekabrda 600 milyard dolları, 19 dekabrda isə 700 milyard dolları aşıb.
Mask ikinci ən varlı şəxsi 578 milyard dollar fərqlə geridə qoyub
ABŞ-li milyarder İlon Mask, sərvəti 281 milyard dollar olaraq qiymətləndirilən və dünyanın ikinci ən varlı şəxsi sayılan “Google”un həmtəsisçisi Larri Peyci 578 milyard dollar fərqlə geridə qoyub.
Bizi sosial şəbəkələrdən izləyin!!
