Müəllif: Gülnar Əhmədli, Banco.az
"2019-cu ildən başlayaraq Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən şəhərin mərkəzi hissəsində və şəhərə yaxın ərazilərdə şəhərin abadlaşdırılması və müasir standartlara uyğunlaşdırılması məqsədilə istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların, həyətlərin və kvartalların sökülməsi prosesi pilot layihə çərçivəsində həyata keçirilir".
Bunu Banco.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib.
Ekspertin sözlərinə görə, bu layihə çərçivəsində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binalar, həyətlər və kvartallar sökülərək onların yerində müasir tələblərə cavab verən hündürmərtəbəli yaşayış binaları və yaşayış kompleksləri salınır:
"Bu, bir tərəfdən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların sökülərək yenilənməsinə, digər tərəfdən isə şəhərin daha müasir tələblərə cavab verən vəziyyətə gətirilməsi üçün yenidənqurma və abadlıq işlərinin aparılmasına hesablanıb. Bu işlər çərçivəsində yeni binaların və yaşayış komplekslərinin salınması, yolların yenilənməsi, tramvay xətlərinin salınması, parkların və istirahət guşələrinin yaradılması prosesi davam edir.

Bu nöqteyi-nəzərdən 2019-cu ildən başlayaraq kirayə tələbatı artıb. Pilot layihə çərçivəsində həyata keçirilən söküntülər zamanı söküləcək binalarda, həyətlərdə və kvartallarda yaşayan sakinlər şirkət tərəfindən kirayə mənzillərə köçürülür. Bina tikilib həmin mənzili sökülən vətəndaşa ev verilənə qədər əmlak sahibi şirkət tərəfindən kirayə pulu ödənilən mənzildə yaşamaq məcburiyyətində qalır.
Nəzərə alsaq ki, bir binanın və ya yaşayış kompleksinin böyüklüyündən və həcmindən asılı olaraq tikintisi ən azı iki il yarım, üç il çəkirsə, bu o deməkdir ki, həmin kvartaldan kirayə mənzilə köçən sakin ən azı iki il yarım, üç il həmin mənzildə yaşayır. Bu da həmin mənzilin iki il yarım, üç il ərzində yenidən kirayə mənzil bazarına qayıtmaması deməkdir".
Anar Nəsirovun sözlərinə görə, ən balaca kvartalda belə ən azı 70-80 ailə yaşayır: "Bu da bir binanın sökülməsinin ən azı 70-80 kirayə mənzilə bu müddətdə tələbat yaratması deməkdir. Digər tərəfdən, həmin sökülən mənzillərdə, kvartallarda və həyətlərdə əvvəldən kirayəçilər yaşadığı üçün bu evlər də söküldükdən sonra kirayə mənzil bazarından çıxarılmış olur.
Bu nöqteyi-nəzərdən hər il söküntülərin sayı və miqyası artdıqca kirayə tələbatı da artır. İndi, 2026-cı ildə də tələbat yüksəkdir.
Azərbaycanın əmlak bazarı dünyanın əksər ölkələrində olduğu kimi, tələb və təklif prinsipi əsasında işləyir. Tələb az olduqda qiymətlər aşağı enir, satıcılar və ya kirayə verənlər arasında rəqabət yaranır. Əksinə, tələb çox, təklif az olduqda qiymətlər yüksəlir".
Bizi sosial şəbəkələrdən izləyin!!
