Müəllif: Tamara Mustafayeva, Banco.az
POP MART-ın siması Labubu qlobal uğur qazansa da, onun bənzəri Lafufu tez unudulub.
Banco.az xəbər verir ki, Tim Burton-un cizgi dünyasından çıxmış kimi görünən Labubu POP MART-ın yalnız fiziki fiquru deyil, eyni zamanda qlobal miqyasda bir brend fenomenidir. Estetik dili və daşıdığı hekayə ilə diqqət çəkən bu obraz koleksionerlər arasında sadiq bir auditoriya formalaşdırıb və ikinci əl bazarda yüksək tələblə qarşılanıb.
Ancaq bu uğurun ardınca ortaya çıxan Lafufu vizual cəhətdən bənzər elementlərə malik olsa da, eyni təsiri yarada bilmədi. Daha ucuz qiymət onu viral hala gətirsə də, arxasında emosional bağ yaradacaq və ya mənalı bir hekayə olmadığı üçün qısa müddətdə gündəmdən düşdü.
Bu hal müasir brend strategiyaları baxımından diqqətəlayiq bir nümunədir. Yalnız fiziki bənzərliklə və ya “alternativ” təklif etməklə davamlı təsir yaratmaq mümkün olmur. Lafufu istifadəçilərin diqqətini qısa müddətlik cəlb etdi; lakin dəyər təklifi olmadığı üçün uzunömürlü ola bilmədi.
Marketinq dünyasında bu, rəqibləri tam anlamadan onları təqlid edən markaların aqibətinə bənzəyir. Strateji baxımdan zəif, hədəf auditoriyası müəyyən olunmamış kampaniyalar və ya sadəcə "bazarda olmaq" üçün buraxılan məhsullar, Lafufu nümunəsində olduğu kimi qısaömürlü qalır. Bu yanaşma, "kor qutu" strategiyası kimi tanınır: markanın belə nə təklif etdiyini bilmədiyi, amma istehlakçının marağını cəlb edəcəyini umduğu təşəbbüslər.
Halbuki Labubu yalnız bir oyuncaq deyil; daşıdığı məna, estetik bütövlük və brend hekayəsi ilə formalaşmış dəyər təklifinə malikdir. Məhz bu strateji ardıcıllıq təqlid edilə bilmir.
Nəticə olaraq, bu iki obraz marketinq dünyasında “yenilik” ilə “təqlid” arasındakı fərqi açıq şəkildə göstərir. Müvəqqəti effekt deyil, davamlı emosional bağ yaratmaq istəyən markalar üçün bu, önəmli bir mesaj verir:
Sadəcə görünmək kifayət deyil – təmsil etdiyiniz bir hekayəniz də olmalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!