Şəhid ailələrinin, veteranların, qaçqınların, məcburi köçkünlərin və bir sıra digər həssas qrupların pulsuz hüquqi yardım almaq hüququnun qanunvericilikdə təsbit edilməsi təklif olunur.
Banco.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əksini tapıb.
Dəyişikliklərə əsasən, şəhid ailələri, müharibə veteranları, qaçqın statusu almış şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların arasından olan şəxslər, insan alveri qurbanları, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, məişət zorakılığından zərər çəkmiş şəxslər, əlilliyi olan işləməyən şəxslər pulsuz hüquqi yardım almaq hüququ əldə edəcəklər.
Bundan başqa, yetkinlik yaşına çatmayanların da müvafiq qanunvericiliyə uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququnun təmin edilməsi nəzərdə tutulur.
Layihədə probasiya nəzarəti altında olan şəxslərin də pulsuz hüquqi yardım almaq hüququnun təsbit edilməsi təklif olunur.
Dəyişikliklərə əsasən, pulsuz hüquqi yardımın göstərilməsi və təşkili ilə bağlı bir sıra səlahiyyətlər Vəkillər Kollegiyasına həvalə ediləcək. Kollegiya bu yardımın göstərilməsini təşkil edəcək, vəkillərin seçilməsi qaydalarını müəyyənləşdirəcək, həmçinin pulsuz hüquqi yardım göstərən şəxslərin, o cümlədən paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparacaq.
Eyni zamanda, vəkillərin ildə 30 saatdan az olmamaqla ictimai fayda naminə, ödəniş tələb etmədən pulsuz hüquqi yardım göstərməsi nəzərdə tutulur.
Layihəyə görə, qanunla müəyyən edilmiş digər şəxslərə də dövlət büdcəsinin vəsaiti hesabına pulsuz hüquqi yardım göstəriləcək.
Qanun layihəsi səsvermətə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
