İsrailin İrana hücumları nəticəsində yaranan gərginlikdən sonra bölgədə mayeləşdirilmiş təbii qazın (LNG) daşınmasında və qaz tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqların artması səbəbindən Avropada qaz qiymətləri bir həftə ərzində 15 faiz artıb.
Banco.az xəbər verir ki, Avropada qazın qiyməti İsrailin İrana hücumundan bir gün əvvəl, iyunun 12-də meqavat/saat üçün 36,2 avro ilə bağlansa da, dünən 41,5 avroya qalxaraq martın 31-dən bəri ən yüksək həddə çatıb.
Fars körfəzinin ağzındakı dar keçid olan Hörmüz boğazı LNG və neft hasilatını Yaxın Şərqdən Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına nəql edir.
Qlobal LNG ticarətinin 20 faizi Hörmüz boğazından keçdiyi halda, bölgənin əsas LNG istehsalçıları Qətər və Birləşmiş Ərəb Əmirliklərinin bütün ixracatı Hörmüz boğazından həyata keçirilir.
Rusiya qaz tədarükünü itirdikdən sonra getdikcə LNG-dən asılı vəziyyətə düşən Avropa Yaxın Şərqdən əhəmiyyətli miqdarda LNG idxal edir. Odur ki, İsrailin İrana hücumları ilə başlayan münaqişədən sonra regionda qaz və LNG tədarükündə fasilələrin yaranma riskləri Avropa qaz qiymətlərindəki artımda özünü göstərir.
Qiymətlər iyunun 18-də 38,7 avroda bağlandıqdan sonra iyunun 19-da 39,3 avrodan ticarətə başlayıb, lakin günü meqavat/saat üçün 41,5 avro ilə başa vurub.
Bu, Avropada qazın qiymətini martın 31-dən bəri ən yüksək həddə çatdırıb. Avqust fyuçers müqavilələrində qazın qiyməti meqavat/saat üçün 41,9 avroya yüksəlib.
Bu qiymət artımı İranın Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verib.
Bununla belə, İranın Hörmüz boğazını bağlama ehtimalının son dərəcə aşağı olduğu düşünülsə də, bu ehtimal baş verərsə, Avropanın qaz tədarükünün təxminən 4 faizini təşkil edən Qətərdən LNG tədarükü böyük təsir göstərə bilər.
Qətər səlahiyyətliləri dəniz nəqliyyatının normal şəkildə davam etdiyini desələr də, tanker operatorları Hörmüz boğazından keçməkdə ehtiyatlı davranırlar.
Qiymətlərin bu artımı həm də onu göstərir ki , qaz saxlama qabiliyyəti yaxşı səviyyədə olsa da, Avropa enerji asılılığı baxımından həssas olaraq qalır .
Digər tərəfdən, bu həftənin ortalarında 7 LNG tankeri Hörmüz boğazına daxil olmayıb və Oman sahillərində gözləmə mövqeyi tutub.