Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
İlk iş yerinə müraciət etmək istəyən gənclərin qarşılaşdığı əsas çətinliklərdən biri CV hazırlamaqdır. Peşəkar təcrübəsi olmayan namizədlər çox vaxt sənədə nə yazacaqlarını bilmirlər. İşlədikləri şirkət, tutduqları vəzifə və ya peşəkar nailiyyətləri olmadığı üçün CV-lərinin boş görünəcəyindən narahat olurlar. Halbuki iş təcrübəsinin olmaması namizədin bacarıqsız olması demək deyil. Təhsil müddətində görülən layihələr, könüllü fəaliyyətlər, şəxsi təşəbbüslər və əldə olunan biliklər də işəgötürən üçün əhəmiyyətli məlumatlar hesab olunur.
Beynəlxalq karyera platformalarının və universitetlərin karyera mərkəzlərinin tövsiyələrinə nəzər saldıqda görünür ki, təcrübəsiz namizədlər üçün CV hazırlanarkən əsas diqqət keçmiş iş yerlərinə deyil, namizədin potensialına, bacarıqlarına və öyrənmə qabiliyyətinə yönəldilməlidir. Bu baxımdan CV-nin hansı bölmələrdən ibarət olması və məlumatların necə təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır.
Təhsil məlumatları ön plana çıxmalıdır
İş təcrübəsi olmayan şəxsin CV-sində ilk növbədə təhsil məlumatları əks olunmalıdır. Namizədin oxuduğu universitet, ixtisası, təhsil aldığı müddət və hazırda hansı mərhələdə olması göstərilməlidir. Əgər şəxs hələ tələbədirsə, məzun olacağı gözlənilən tarixi də qeyd edə bilər.
Bununla yanaşı, müraciət edilən vəzifə ilə əlaqəli fənlər, universitetdə hazırlanmış tədqiqatlar, kurs layihələri və akademik nailiyyətlər də CV-yə daxil edilə bilər. Məsələn, marketinq sahəsində iş axtaran tələbə istehlakçı davranışları ilə bağlı hazırladığı layihəni, maliyyə sahəsinə müraciət edən namizəd isə mühasibatlıq və maliyyə təhlili üzrə akademik işlərini göstərə bilər.
Harvard Universitetinin Karyera Uğurları Mərkəzi də CV hazırlanarkən namizədin ən güclü tərəflərinin və müraciət edilən vəzifəyə uyğun bacarıqlarının ön plana çıxarılmasını tövsiyə edir. Universitetin yanaşmasına görə, CV-dəki bütün təcrübələrin birbaşa həmin iş sahəsinə aid olması vacib deyil. Əsas məsələ onların işəgötürənin axtardığı bacarıqları necə nümayiş etdirməsidir.
Könüllü fəaliyyət və layihələr də təcrübədir
İlk dəfə iş axtaranların yol verdiyi səhvlərdən biri könüllü fəaliyyətləri və universitet layihələrini CV-yə daxil etməməkdir. Halbuki rəsmi əmək müqaviləsi olmadan görülən işlər də namizədin müəyyən bacarıqlara malik olduğunu göstərə bilər.
Məsələn, hər hansı tədbirin təşkilində iştirak edən şəxs komanda işi, vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqlarını nümayiş etdirə bilər. Universitet klubunda fəaliyyət göstərmək, sosial layihələrdə iştirak etmək, tələbə təşkilatlarında məsuliyyət daşımaq və xeyriyyə tədbirlərinə dəstək vermək də bu baxımdan əhəmiyyətlidir.
Pensilvaniya Universitetinin Karyera Xidmətləri Mərkəzi iş təcrübəsi olmayan namizədlərə könüllü fəaliyyətləri, şəxsi layihələri, akademik işləri və dərsdənkənar fəaliyyətləri CV-də ayrıca göstərməyi tövsiyə edir. Burada əsas məsələ yalnız hansı fəaliyyətdə iştirak edildiyini yazmaq deyil, namizədin həmin prosesdə nə etdiyini izah etməkdir. Məsələn, tədbirdə iştirak etdiyini qeyd etməklə kifayətlənmək əvəzinə, tədbirin təşkilinə kömək etdiyini, iştirakçılarla əlaqə saxladığını və ya qeydiyyat prosesini idarə etdiyini göstərmək daha məqsədəuyğundur.
Bacarıqlar konkret göstərilməlidir
İş təcrübəsi olmayan namizədlər üçün CV-nin ən vacib bölmələrindən biri bacarıqlardır. Lakin bu hissədə yalnız məsuliyyətli, çalışqan, ünsiyyətcil və komandada işləməyi bacaran biri olduğunu yazmaq kifayət etmir. İşəgötürən namizədin konkret olaraq hansı işləri görə bildiyini anlamaq istəyir.
Bacarıqları iki əsas qrupa ayırmaq mümkündür. Birinci qrupa xarici dil bilikləri, Microsoft Excel, Word, PowerPoint, qrafik dizayn proqramları, məlumatların təhlili və digər texniki biliklər daxildir. İkinci qrupa isə ünsiyyət, komanda işi, problem həll etmə, vaxtın idarə olunması və təqdimat bacarıqları aiddir.
Məsələn, namizəd Excel proqramını bildiyini qeyd edirsə, proqramda hansı əməliyyatları yerinə yetirə bildiyini də göstərməsi daha faydalıdır. Eyni zamanda, xarici dil bilikləri ümumi şəkildə deyil, real səviyyəyə uyğun qeyd olunmalıdır.
Harvard Universitetinin CV tövsiyələrində də bacarıqların konkret, faktlara əsaslanan və aydın formada təqdim edilməsinin vacibliyi vurğulanır.
Şəxsi layihələr namizədin üstünlüyünə çevrilə bilər
İş təcrübəsi olmayan şəxsin özünü fərqləndirməsinin başqa bir yolu şəxsi layihələrini CV-yə daxil etməkdir. Bu, xüsusilə texnologiya, dizayn, media, marketinq və yaradıcılıq sahələrində iş axtaranlar üçün əhəmiyyətlidir.
Məsələn, jurnalistika sahəsində çalışan tələbə şəxsi bloqunda dərc etdiyi yazıları, hazırladığı müsahibələri və araşdırmaları göstərə bilər. Dizayn sahəsinə marağı olan şəxs hazırladığı nümunələri, proqramlaşdırma öyrənən namizəd isə yaratdığı kiçik layihələri təqdim edə bilər. Sosial media sahəsində işləmək istəyən şəxs idarə etdiyi şəxsi səhifənin inkişafını və hazırladığı məzmun nümunələrini göstərə bilər.
Pensilvaniya Universitetinin karyera mütəxəssisləri də şəxsi təşəbbüslə hazırlanan layihələrin namizədin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaxşı vasitə olduğunu qeyd edirlər. Universitetin tövsiyələrinə əsasən, belə layihələrin təsviri ilə yanaşı, mümkün olduqda onların elektron versiyasına keçid də CV-yə əlavə edilə bilər.
Bu baxımdan LinkedIn profili, şəxsi veb-sayt, onlayn portfolio və ya GitHub hesabı da namizədin işlərini təqdim etməsi üçün faydalı vasitələrdir.
CV-də qısa təqdimat hissəsi olmalıdır
CV-nin əvvəlində yerləşdirilən qısa təqdimat bölməsi işəgötürənə namizəd haqqında ilkin təsəvvür yaradır. Bu hissədə şəxsin təhsili, maraqlandığı sahə, əsas bacarıqları və peşəkar məqsədi bir neçə cümlə ilə ifadə olunmalıdır.
Məsələn, marketinq sahəsində iş axtaran tələbə özünü bu istiqamətdə inkişaf etdirmək istədiyini, sosial media və məzmun hazırlanması ilə bağlı biliklərini və müvafiq layihələrdə iştirakını qeyd edə bilər.
Lakin bu hissəni uzun avtobioqrafiyaya çevirmək düzgün deyil. Ümumi və hamının istifadə edə biləcəyi ifadələr əvəzinə konkret məlumatlara üstünlük verilməlidir. Həmçinin hər vakansiyaya eyni təqdimatla müraciət etməkdənsə, mətnin işəgötürənin tələblərinə uyğunlaşdırılması daha məqsədəuyğundur.
CV-nin görünüşü də əhəmiyyətlidir
Məlumatların düzgün olması ilə yanaşı, CV-nin oxunaqlı və səliqəli hazırlanması da vacibdir. İş təcrübəsi olmayan namizədlər bəzən sənədi daha dolğun göstərmək üçün çoxlu rənglərdən, qrafik elementlərdən və lazımsız məlumatlardan istifadə edirlər. Halbuki mürəkkəb dizayn CV-nin əsas məlumatlarını tapmağı çətinləşdirə bilər.
Beynəlxalq karyera tövsiyələrində ilk işinə müraciət edən şəxslər üçün CV-nin, adətən, bir səhifə olması məsləhət görülür. Məlumatlar aydın başlıqlarla ayrılmalı, tarixlər ardıcıl göstərilməli və yazı səhvlərinə yol verilməməlidir.
Harvard Universitetinin tövsiyələrində də CV-də şəkil, yaş və cins kimi məlumatların yerləşdirilməməsi qeyd olunur. Bununla belə, fotoşəkil və şəxsi məlumatlarla bağlı tələblər ölkələrə və işəgötürənlərin qaydalarına görə dəyişə bilər.
Digər mühüm məsələ CV-nin vakansiyaya uyğunlaşdırılmasıdır. İşəgötürənin elanında tələb olunan bacarıqlar nəzərdən keçirilməli və namizəd həmin bacarıqlara sahibdirsə, onları CV-də aydın şəkildə göstərməlidir. Bəzi şirkətlər namizədlərin CV-lərini ilkin mərhələdə avtomatlaşdırılmış sistemlər vasitəsilə də yoxlayırlar. Buna görə mürəkkəb dizayn əvəzinə standart başlıqlardan və aydın ifadələrdən istifadə etmək daha məqsədəuyğundur.
İş təcrübəsinin olmaması CV-də məlumatların az olacağı anlamına gəlmir. Təhsil, könüllü fəaliyyət, akademik layihələr, şəxsi təşəbbüslər və konkret bacarıqlar namizədin potensialını göstərmək üçün kifayət qədər imkan yarada bilər. Əsas məsələ CV-ni süni şəkildə doldurmaq deyil, mövcud bilik və təcrübəni düzgün təqdim etməkdir.
