Müəllif:Mehin Qasımova,Banco.az
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə imzalanmış anlaşma memorandumunun ölkəyə qarşı tətbiq olunan neft və neft-kimya sektoruna yönəlmiş sanksiyaların ləğvini nəzərdə tutduğunu bildirib.
Banco.az xəbər verir ki, Qum şəhərinə səfəri çərçivəsində Böyük Ayətullah Şəbiri Zəncani ilə görüşən İran lideri son regional hadisələrə toxunaraq ölkənin müharibə dövründə nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirib.
Pezeşkian bildirib ki, xalq silahlı qüvvələr və hökumət ölkəni qorumaq və düşmənlərin məqsədlərinin qarşısını almaq üçün birlikdə hərəkət edib.
İran Prezidenti həmçinin ölkənin dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin azad ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, plana əsasən, Qətərdə saxlanılan İrana məxsus ümumilikdə 12 milyard dollarlıq aktivlərin 6 milyard dolları ölkəyə qaytarılacaq.
"Qalan vəsaitin də ölkəyə qaytarılması istiqamətində lazımi səylər davam etdirilir", – deyə Pezeşkian qeyd edib.
O, çıxışında İranın nüvə proqramına da toxunaraq vurğulayıb ki, ölkə rəhbərliyi əvvəllər də nüvə silahı istehsal etmək niyyətində olmadığını bəyan edib və bu mövqe dəyişməz olaraq qalır.
Pezeşkianın sözlərinə görə, İran beynəlxalq ictimaiyyəti nüvə fəaliyyətinin yalnız ölkənin dinc ehtiyaclarına xidmət etdiyi və bəyan edilmiş siyasət çərçivəsində həyata keçirildiyi barədə əmin edib.
