Rusiyada yanacaq böhranı davam edir | Banco.az

Rusiyada yanacaq böhranı davam edir

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyada yanacaq böhranı davam edir.

Banco.az xəbər verir ki, hökumət ölkənin bəzi yerlərindəki yanacaqdoldurma məntəqələrinə yanacaq təchizatı ilə bağlı problemlərin davam etdiyini bildirsə də, neft şirkətləri tədarükü artırmaq üçün çalışırlar.

Rusiya hökumətinin açıqlamasına görə, Rusiya Baş nazirinin müavini Aleksandr Novak müvafiq nazirliklərin, regional administrasiyaların və sənaye nümayəndələrinin iştirakı ilə yanacaq bazarındakı inkişafları qiymətləndirib.

Görüşdə ölkənin bəzi yerlərində yanacaq təchizatı problemlərinin davam etdiyi və iri neft şirkətlərinin ən çox təsirlənən ərazilərə daşınmaları artırmaq üçün lazımi tədbirlər gördüyü qeyd edilib.

Novak müvafiq qurumlara və neft şirkətlərinə təchizat çatışmazlığı yaşayan bölgələrə yanacaq tədarükünü artırmaq üçün əlavə tədbirlər görmələrini tapşırıb.

Kənd təsərrüfatı istehsalçıları üçün yanacaq qiymətlərinin, eləcə də yanacaqdoldurma məntəqələrindəki pərakəndə satış qiymətlərinin yaxından izlənməsinə çağıran Novak bazar vəziyyətinin nəzarət altında saxlanılmasının vacibliyini bildirib.

Qeyd edək ki, Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumlarından sonra çoxsaylı müəssisələr təmir işləri üçün bağlanıb və ölkənin bir çox yerində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib. Rusiya hökuməti daha əvvəl dizel və benzin ixracını qadağan etmişdi.