Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərə Mərkəzi Bankı iyun iclasında uçot dərəcəsini dəyişməyərək 4,25% səviyyəsində saxlayıb.
Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankı (BOE) artan geosiyasi gərginliklər fonunda əmək bazarında yumşalma əlamətləri və zəif iqtisadi artım səbəbilə uçot dərəcəsini 4,25 faiz səviyyəsində saxlayıb.
BOE-nin Doqquz üzvlü Pul Siyasəti Komitəsindən altısı faizlərin avqust ayında mümkün bir dörddəbir bəndlik endirimi istiqamətində yol xəritəsində qalması üçün səs verib, üç üzv isə birbaşa dörddəbir bəndlik endirimin lehinə səs verib.
Qərar mətnində qeyd olunur ki, məşğulluq bazarında yumşalma davam etdiyi üçün komitə ilin qalan hissəsində əməkhaqqı artımında “əhəmiyyətli bir yavaşlama” gözləyir. Komitə daha yumşaq (səbirli) bir tonla bildirib ki, “əmək bazarından gələn deinflyasiya təzyiqlərinə dair daha güclü əlamətlər mövcuddur.” Gələcək faiz endirimlərinin “tədricən və ehtiyatla” həyata keçiriləcəyi ilə bağlı əsas istiqamətləndirmə dəyişdirilməyib.
İngiltərə Mərkəzi Bankının rəhbəri Endryu Beyli bildirib: “Faiz dərəcələri tədricən aşağıya doğru bir trayektoriyada qalmağa davam edir. İngiltərədə əmək bazarında yumşalma əlamətləri müşahidə olunur. Bu əlamətlərin istehlak qiymətləri inflyasiyasına hansı dərəcədə təsir göstərəcəyini diqqətlə izləyəcəyik.”
Bizi sosial şəbəkələrdən izləyin!!