Hörmüz böhranı fonunda İran və Rusiya neftinə qarşı sanksiya güzəşti uzadıldı | Banco.az

Hörmüz böhranı fonunda İran və Rusiya neftinə qarşı sanksiya güzəşti uzadıldı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə Naziri Skott Bessent Hörmüz boğazında dəniz nəqliyyatında yaranan fasilələrin qlobal enerji bazarına təsirlərini nəzərə alaraq açıqlama verib.

O, bildirib ki, Hörmüz boğazı ətrafında baş verən son hadisələr səbəbindən bir sıra ölkələr neft çatışmazlığı riski ilə üz-üzə qalıb.

Banco.az xəbər verir ki, bu səbəbdən ABŞ Maliyyə Nazirliyi həmin ölkələrin müraciətlərinə cavab olaraq İran və Rusiyadan dəniz yolu ilə daşınan neft məhsullarına tətbiq olunan sanksiya güzəştlərinin müddətini daha 30 gün uzadıb.

Nazir qeyd edib ki, qərarın məqsədi enerji bazarında kəskin dalğalanmaların və təchizat problemlərinin qarşısını almaqdır. Hazırda Yaxın Şərqdəki gərginlik fonunda əsas enerji marşrutlarından biri olan Hörmüz boğazında hərəkətin məhdudlaşması qlobal neft tədarükü üçün ciddi risk hesab olunur.

Mütəxəssislər hesab edir ki, bu addım qısamüddətli sabitlik yaratsa da, regionda vəziyyətin inkişafı enerji bazarlarının gələcək istiqamətini müəyyən edəcək.