Müəllif - Fərid İslamov - Banco.az
Goldman Sachs Group Inc. qızılın cari ilin sonuna qədər qiymətinin 3300 dollar/unsiya səviyyəsinə yüksələcəyini proqnozlaşdırıb. Şirkət, Mərkəzi Bankların gözləniləndən daha yüksək tələbatını, həmçinin qızılla təmin olunan ETF-lərə sabit pul axınını əsas səbəblər kimi göstərib.
Fevral ayında Goldman Sachs qızılın qiymətinin bu ilin sonuna qədər 3100 dollar/unsiya səviyyəsinə yüksələcəyini proqnozlaşdırmışdı.
Analitiklərin araşdırmasına görə, bu il Mərkəzi Bankların aylıq tələbatı təxminən 70 ton təşkil edə bilər, əvvəlki proqnoz isə 50 ton idi.
“Mərkəzi Banklar, xüsusən də inkişaf etməkdə olan bazarlarda, 2022-ci ildən etibarən Rusiya ehtiyatlarının dondurulmasından sonra qızıl alımını təxminən beş dəfə artırıblar,” - deyə Goldman-ın araşdırmasında bildirilir. - “Biz bunu ehtiyatların idarə edilməsinə yanaşmada struktur dəyişiklik kimi qiymətləndiririk və yaxın gələcəkdə vəziyyətin dəyişəcəyini gözləmirik.”
2025-ci ilin əvvəlindən qızılın qiyməti 15% artıb. Mart ayında qızılın qiyməti ilk dəfə olaraq unsiyası üçün 3000 dollar səviyyəsini keçib. Bu artım, ABŞ Prezidenti Donald Trampın xarici ticarət və beynəlxalq siyasət sahəsindəki addımlarının yaratdığı qeyri-müəyyənlik fonunda “sakit liman” aktivlərinə tələbin artması ilə əlaqədardır.