Müəllif:Mehin Qasımova,Banco.az
“Goldman Sachs” analitikləri qızılın qarşıdakı dövrdə yüksəliş trendini davam etdirərək 2026-cı ildə yeni tarixi maksimuma çatacağını, xam neft bazarının isə həddindən artıq təklif səbəbindən təzyiq altında qalacağını proqnozlaşdırır.
Banco.az xəbər verir ki, bankın analitiklərinin qeydlərinə görə, mərkəzi bankların güclü qızıl alışları və investorların portfellərini daha geniş şaxələndirməsi nəticəsində qızılın qiymətinin 2026-cı ilin dekabrına qədər unsiya üzrə 4 900 dollara yüksələcəyi gözlənilir.
Neft bazarında isə qlobal tədarük profisitinin gündə təxminən 2 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu amilin qiymətlərə təzyiq göstərəcəyi, Brent markalı neftin 2026-cı ildə orta hesabla bir barel üçün 56 dollar, WTI markalı neftin isə 52 dollar ətrafında ticarət olunacağı bildirilir. Analitiklər qeyd ediblər ki, böyük təchizat fasilələri baş verməzsə və ya OPEC hasilatı azaltmaq qərarı verməzsə, bazarın tarazlaşması üçün qiymətlərin aşağı səviyyədə qalması zəruri ola bilər.
Digər əmtəələr üzrə proqnozlara görə, LNG tədarükündə rekord artım Avropada əsas göstərici olan TTF qazının qiymətini 2027-ci ilin ortalarınadək təxminən 35 faiz azalda bilər. Çinin xaricdə investisiyalarını artırması fonunda misin alüminiumdan daha yaxşı nəticə göstərəcəyi, tədarükün artması səbəbindən isə dəmir filizi qiymətlərinin 2026-cı ilin sonuna qədər ton üçün 88 dollara enəcəyi gözlənilir.
“Goldman Sachs” vurğulayıb ki, əmtəə bazarları ABŞ və Çin arasında geosiyasi rəqabət, eləcə də texnologiya və süni intellekt sahəsində qlobal mübarizənin əsas mərkəzlərindən biri olaraq qalacaq.
