Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bazar günü Şotlandiyada ABŞ Prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə ABŞ arasındakı ticarət əlaqələrinin müzakirə olunması gözlənilir.
Fon der Leyen sosial media platforması X-də paylaşım edərək bildirib: “Prezident Trampla apardığımız səmərəli telefon danışığından sonra transatlantik ticarət əlaqələrini və bu əlaqələri necə güclü saxlaya biləcəyimizi müzakirə etmək üçün bazar günü Şotlandiyada görüşmək qərarına gəldik.”
Donald Tramp isə bu gün verdiyi açıqlamada Aİ ilə ticarət razılaşması əldə olunması ehtimalının 50 faiz və ya daha aşağı olduğunu bildirib. Brüsselin bir razılaşma əldə etmək üçün çox həvəsli olduğunu deyən Tramp, “Razılaşma ehtimalı 50 faizdir, bəlkə də daha az, amma 50 faiz deyə bilərəm,” – deyə qeyd edib.
Digər tərəfdən, Avropa Komissiyası dünən verdiyi açıqlamada ABŞ ilə danışıqlara əsaslanan bir ticarət həllinin yaxın olduğunu bildirmişdi. Lakin həmin gün Aİ-yə üzv ölkələr danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə 93 milyard avro dəyərindəki ABŞ məhsullarına qarşı cavab tarifləri tətbiq olunmasını təsdiqləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!