Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch” Türkiyə banklarında tənzimləyici güzəştlərin ləğv edilməsinin kredit baxımından neytral olduğunu bildirib.
Banco.az xəbər verir ki, qurum Türkiyə banklarının kapital adekvatlığı əmsalının 2026-cı ilin yanvarında tənzimləyici güzəştlərin aradan qaldırılmasından sonra orta hesabla 170-200 baza bəndi azalacağını proqnozlaşdırır.
“Fitch”in qiymətləndirməsinə görə bu azalmanın əsas səbəbi xarici valyuta ilə ifadə olunan risk çəkili aktivlərin yenidən hesablanması olacaq. Bununla belə “Fitch” əksər bankların qanuni minimum hədlərin üzərindəki tamponlarının kifayət qədər qalacağını gözləyir. Bu səbəbdən reytinq agentliyi güzəştlərin ləğv edilməsini kredit baxımından neytral olaraq dəyərləndirir və bunun reytinq dəyişikliyinə səbəb olmasını gözləmir.
“Fitch” qiymətləndirməsində bildirib ki, güzəştlərin aradan qaldırılmasının əksər bankların kapital göstəricilərinə təsir etməsi gözlənilmir. Lakin, qurumun qeyd etdiyinə görə kapital vəziyyəti lirənin daha da dəyər itirməsinə və kredit artımına qarşı həssas olaraq qalır.
Məhdud tamponlara sahib bəzi bankların minimum göstəriciləri pozmamaq üçün əlavə Tier 1 və ya Tier 2 borclanması, kapital artırılması və ya balans idarəçiliyi vasitəsilə kapital mövqelərini gücləndirməyə ehtiyac duya biləcəyi diqqətə çatdırılıb. “Fitch” bu bankların kapital planlarını yaxından izləyəcəyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
