"Fitch" Gürcüstanın reytinq proqnozunu “mənfi”yə dəyişib | Banco.az

"Fitch" Gürcüstanın reytinq proqnozunu “mənfi”yə dəyişib

Müəllif:Ayşən İmanova/Banco.az

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi, Gürcüstanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi üzrə proqnozunu “stabil”dən “mənfi”yə dəyişərək, reytinqi “BB” səviyyəsində təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.

Analitiklərin fikrincə, qərar genişmiqyaslı etirazlara və hüquqi problemlərə səbəb ola biləcək mübahisəli parlament seçkilərindən sonra artan siyasi risklər fonunda qəbul edilib.

“Fitch” qeyd edir ki, uzun sürən siyasi böhran ölkənin institusional strukturunu sarsıda, investorların və daxili bazarın inamına mənfi təsir göstərə, həmçinin xarici likvidliyə və məzənnəyə təzyiq yarada bilər. Agentliyin fikrincə, bu, Gürcüstanın ənənəvi olaraq güclü hesab edilən idarəetmə göstəricilərini zəiflədəcək.

“Fitch” həmçinin BVF ilə 2023-cü ildə dayandırılmış hazırkı əməkdaşlıq proqramının bərpa olunmayacağını proqnozlaşdırır. Bu, Gürcüstan iqtisadiyyatının xarici çağırışlara effektiv cavab vermək qabiliyyətini zəiflədə bilər.

Siyasi qeyri-sabitliyə baxmayaraq, Gürcüstan güclü iqtisadi göstəricilər nümayiş etdirməkdə davam edir. 2024-cü ildə ÜDM artımının 8,7% olacağı, 2025-ci ildə 5,3%-ə, 2026-cı ildə isə 5%-ə qədər yavaşlaması gözlənilir. 

İnflyasiyanın 2025-ci ildə 2,1%, 2026-cı ildə isə 2,3% səviyyəsində olacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri 2024-cü ildə ÜDM-in 2,7%-i səviyyəsində qiymətləndirilir və 2026-cı ilə qədər 2,3%-ə qədər azalacaq. Xarici dövlət borcunun səviyyəsi də mülayim olaraq qalır - ÜDM-in təxminən 38%-i.