Ən yüksək və ən aşağı pensiya verilən bölgələr | Banco.az

Ən yüksək və ən aşağı pensiya verilən bölgələr

Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10.4 faiz artırılaraq 1994.2 milyon manata çatdırılmışdır. Sərf olunmuş vəsaitin 98 faizini pensiya xərcləri təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.6 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 9.7 faiz artaraq 594.4 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 51.6 faizinə bərabər olub.

Ölkə üzrə ən yüksək orta aylıq pensiya 818.57 manat olmaqla Bakı şəhərində qeydə alınıb. İkinci ən yüksək göstərici isə bütövlükdə 554.39 manat orta aylıq məbləğlə Naxçıvan iqtisadi rayonunun payına düşür. Regionlar arasında növbəti yüksək göstəricilər 501.36 manatla Zəngilan rayonunda və 498.18 manatla Şirvan şəhərindədir. Siyahıda sonrakı yerləri 493.66 manat orta aylıq məbləğlə Sumqayıt şəhəri və 491.45 manatla Siyəzən rayonu tutur. Şuşa rayonunda orta aylıq pensiya 490.78 manat, Abşeron rayonunda 485.41 manat, Gəncə şəhərində isə 482.24 manat təşkil edir. Yüksək pensiya məbləğinə görə ilk onluğu 476.78 manatla Qubadlı rayonu tamamlayır.

Ölkə üzrə ən aşağı orta aylıq pensiya göstəricisi 437.00 manat olmaqla Xocalı rayonunda qeydə alınıb. Xocalıdan sonra ən aşağı məbləğlər 442.52 manatla Balakən rayonunda və 445.62 manatla Xızı rayonundadır. Siyahının növbəti pillələrində 447.18 manatla Şabran rayonu, 448.21 manatla Biləsuvar rayonu və 448.40 manatla Ağdam rayonu qərarlaşıb. Zaqatala rayonunda orta aylıq pensiya 448.57 manat, Masallı rayonunda 449.45 manat, Astara rayonunda isə 449.67 manat təşkil edir. Ən aşağı pensiya verilən rayonların onluğunu 450.13 manat orta aylıq məbləğlə Ucar rayonu tutur.